Bərzani Trampın adamı ilə görüşdü - ABŞ İraqda yeni müttəfiq axtarır

Bərzani Trampın adamı ilə görüşdü - ABŞ İraqda yeni müttəfiq axtarır
  01 Sentyabr 2018    Oxunub:2803
Şimali İraq Kürd Muxtariyyətinin keçmiş rəhbəri, Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani Ərbildə ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizədə xüsusi nümayəndəsi Brett Mak Qurkla görüşüb.
AzVision.az "Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Bərzaninin rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, görüşdə tərəflər İraqdakı son proseslər başda olmaqla, ölkədə qurulacaq yeni hökumətlə əlaqədar bəzi məsələləri müzakirə ediblər. Həmçnin, İraqdakı bütün etnik-dini elementlər arasında əsl tərəfdaşlıq prinsipinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, 12 mayda İraq parlamentinə keçirilən seçkilərdə 48 mandatla ən çox deputat yeri qazanan ikinci siyasi blok – Fəth koalisiyasının lideri və “Həşdi-Şabi” qruplaşmasının komandanlarından biri olan Hadi Əmiri ABŞ-ın müdaxiləsi və təsiri nəticəsində İraqda formalaşdırılacaq istənilən hökuməti 2 ay ərzində devirəcəklərini bəyan edib. Həmçinin, 54 mandatla parlament seçkilərinin qalibi olan “Əs-Sayrun” şiə blokunun sədri Müqtəda əs-Sədr bütün siyasi qruplara koalisiya hökuməti qurmaq və başqa məsələlər üzrə ABŞ və qonşu ölkələrlə danışıqları kəsmələrinə dair xəbərdarlıq edib. O, İraqın nə şərq, nə qərb, nə şimal, nə də cənubdan – ümumiyyətlə, xaricdən idarə olunmasına icazə verməyəcəyini bildirib.

Bu mənada, Trampın xüsusi nümayəndəsinin son zamanlar İraqda qurulacaq yeni hökumətdə müttəfiq axtarışlarına çıxması və ölkənin müxtəlif qrupları ilə tez-tez görüşlər keçirməsi diqqət çəkir.

Qeyd edək ki, 12 ildir Şimali İraq Kürd Muxtariyyətinə başçılıq edən Məsud Bərzani müstəqil Kürdüstan dövləti yaratmaq məqsədilə elan etdiyi qanunsuz referendumdan sonra 2017-ci ilin 29 oktyabrında istefa verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Kürd   ABŞ  





Xəbər lenti