Yaponiya İrandan neft idxalını dayandırır

Yaponiya İrandan neft idxalını dayandırır
  03 Sentyabr 2018    Oxunub:2006
Yaponiyanın iri neft paylayıcıları ABŞ sanksiyalarına müvafiq olaraq oktyabrda İrandan neft idxalını dayandıracaqlar.
AzVision.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi etibarlı mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Tokio Vaşinqtondan İrandan neft idxal edən yapon şirkətlərini sanksiyalardan azad etməyi xahiş dib. Səbəb kimi isə İrandan neft idxalı həcminin azaldığını göstərib. Lakin sanksiyalardan güzəşt perspektivləri zəiflədikcə, iri paylayıcı şirkətlər başqa ölkələrdən neft idxal etmək üçün tədbirlər görməyə başlayıblar.

Tokionun bu addımı həm də, iri yapon banklarının İranla maliyyə əməliyyatlarını kəsməyə hazırlaşması ilə əlaqələndirilir. Belə ki, yapon şirkətləri hətta İrandan neft idxalını davam etdirsə belə, bankların müvafiq qərarı ödənişlərin həyata keçirilməsini çətinləşdirəcək.

Həmçinin vurğulanır ki, İran nefti digər ölkələrə nisbətdə daha ucuz olduğundan, yeni neft təchizatçılarına keçid idxalla məşğul olan yapon şirkətlərinin xərclərini artıracaq və nəticədə Yaponiyada benzin və digər neft məhsullarının qiymətləri qalxa bilər.

Qeyd edək ki, Yaponiya neftlə təchizatda, demək olar ki, tamamilə idxaldan asılıdır. Ölkənin neft idxalının 80 faizi Yaxın Şərqin payına düşür. Yaponiyanın əsas neft təchizatçısı isə 39 faizlə Səudiyyə Ərəbistanıdır. İdxalatda İranın payı cəmi 6 faizdir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yaponiya   İran   ABŞ   Neft  





Xəbər lenti