Rusiyalı ekspertlər Əliyev-Putin görüşünü necə dəyərləndirir? - EKSKLÜZİV

  03 Sentyabr 2018    Oxunub : 4247
Rusiyalı ekspertlər Əliyev-Putin görüşünü necə dəyərləndirir? - EKSKLÜZİV
Məlum olduğu kimi, 2 gün öncə Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər etdi. Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin görüşü baş tutdu, təkbətək və geniştərkibli danışıqların ardından iqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılmasını və digər sahələrdə qarşılıq əməkdaşlığı nəzərdə tutan ümumilikdə 13 hökumətlərarası sənəd imzalandı. Daha sonra isə prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər.
AzVision.az prezident İlham Əliyevlə Vladimir Putinin Soçi görüşünün necə keçməsi, hansı mövzuları müzakirə etmələrinə dair ehtimallar, həmçinin, imzalanan sənədlərin Azərbaycanla Rusiya arasındakı münasibətlərin gələcək perspektivlərində necə rol oynayacağilə bağlı Rusiyanın tanınmış ekspertləri və ictimai xadimlərinin fikrini öyrənib.

Rusiyanın ən böyük universitetləridən olan “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin professoru, politoloq Dmitri Yevstafyevin fikrincə, İlham Əliyevlə Vladimir Putinin görüşü Azərbaycan-Rusiya münasibətlərinin böyük perspektivə malik olduğunu göstərir. Bu mənada, qlobal əhəmiyyətli “Şimal-Cənub” loqistik dəhlizinin reallaşdırılması üçün sonuncu sazişlər paketinin imzalanmasının hansı önəmli nəticələrə gətirib çıxaracağını dəyərləndirmək kifayətdir.



Yevstafyev hesab edir ki, Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin hazırkı səviyyəsi ümumiyyətlə, sadəcə regional deyil, regionlararası əməkdaşlıq faktoruna çevrilib.

“Rusiya və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı anlaşma olmasaydı, çətin ki Xəzər dənizinin hüquqi statusuna dair illərdir davam edən danışıqlar uğurla nəticələnərdi. Mütəmadi olaraq yeni ticarət müharibəsi ocaqlarının yaranması fonunda Rusiya və Azərbaycanın əlaqələri dünyanın ən vacib regionunda şəffaf və dayanıqlı iqtisadi-ticarət münasibətləri sisteminin çox önəmli həlqəsini təşkil edir. Lakin Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini yalnız iqtisadi məsələlərlə məhdudlaşdırmaq səhv olardı. Yəqin ki, Azərbaycan bundan sonra da müxtəlif hərbi-siyasi təşkilatlar və təşəbbüslərə münasibətdə öz neytrallığını qoruyub saxlayacaq. Amma iki ölkənin və hər iki prezidentin qarşılıqlı strateji anlaşması təhlükəsizlik və strateji inteqrasiya sahələrində praktiki olaraq istənilən proqramın realladırılması üçün əsas yaradır. Nə də olsa, müasir dünyamızda regional və transregional siyasi, hərbi və iqtisadi sabitlik məsələlərinin həlli üçün hansısa formal strukturlara qoşulmaq mütləq şəkildə vacib deyil. Bu sahədə ikitərəfli qarşılıqlı anlaşma və fəaliyyət də kifayət edir. MoskvaBakı arasında belə əməkdaşlıq çox yüksək səviyyədədir”, – deyə Yevstafyev vurğulayıb.

Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini, Azərbaycanın Rusiyadakı dostları qrupunun əlaqələndiricisi Darya Qrevçeva Azərbaycanın Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təkilatı (KTMT) çərçivəsində əməkdaşlığının önəmli olduğunu deyir. Xanım Qrevçevaya görə, iki ölkə iqtisadi, ticarət, humanitar və hərbi texniki sahələrdə əməkdaşlıq edirlər. Azərbaycan bu gün Rusiyadan ən çox silah alan dünya liderlərindən biridir. Lakin Rusiya üçün təhlükəsizlik məsələsi olduqca vacibdir.



“Rusiya üçün hazırda çox vacib bir mövzu var: indi KTMT tərəfdaş statusu və təşkilatda müşahidəçi statusu təqdim edir və çox böyük ehtimal ki, rəsmi Bakı bu statuslardan biri formasında KTMT ilə əməkdaşlıq üçün müraciət edə bilər. Belə olduqda, hələ təşkilata tam üzv olmasa da, Azərbaycanın Silahlı Qüvvələri KTMT formatı çərçivəsində Rusiya Silahlı Qüvvələri ilə qarşılıqlı intensiv əməkdaşlığa başlayacaq”, – deyə Darya Qrevçeva bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Qrevçeva vurğulayıb ki, indi Ermənistanda ciddi dramatik dəyişikliklər yaşanır. Moskva isə Ermənistanın hazırkı rəhbərliyinin davranışlarından narazı olduğunu açıq şəkildə ifadə edir. Azərbaycan isə Ermənistanla de-fakto donmuş müharibə şəraitindədir. Odur ki, baş verənlər nəzərə alınsa, münaqişənin nizamlanması prosesində çox ciddi və dramatik dəyişikliklər baş verə bilər.

Qrevçeva bir məsələni də xüsusi vurğulayıb: gələcəkdə Azərbaycan və Rusiya təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə satılmasında Moskva ilə Bakı qiymət məsələsi üzrə müəyyən layihə həyata keçirə bilərlər: “Məsələ ondadır ki, Aİ Azərbaycanla Rusiya qazının bir-birilə rəqabət aparmasını və bunun hesabına hər iki ölkənin satdığı təbii qaz qiymətlərinin düşməsini istəyir. Aİ iqtisadiyyatı bundan mənfəət götürərdi, amma Rusiya və Azərbaycan iqtisadiyyatı zərərlə üzləşrdi. Bu mənada biz, “mini OPEK”, yaxud daha dəqiq desək, “mini qaz OPEK”i formasında konsorsium yaradılmasında maraqlıyıq. Belədə biz, neft-qaz sahəsində və enerji resurslarının daşınmasında birgə işləyə, təbii qaz qiymətlərinin maksimallaşdırılmasında əməkdaşlıq etməklə gəlirlərin də çoxalmasına nail ola bilərik.”

Lakin Rusiya Azərbyacanla enerji sahəsində əməkdaşlıqda maraqlı olsa da, Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzinin direktor müavini, Mərkəzi Asiya və Əfqanıstan üzrə “İran-Şərq” tədqiqatlar institutunun elmi şurasının üzvü İqor Pankratenkonun fikrincə, Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri Avropada Rusiyanın maraqlarına təhdid yarada bilər. Odur ki, Pankratenkoya görə, İlham Əliyevlə Vladimir Putin Soçidə təkcə bütün dünyaya ikitərəfli münasibətlərin yüksək səviyədə olduğunu, iqtisadi-ticari əməkdaşlığın inkişafı və bu sahədə əldə olunan uğurları nümayiş etdirmək üçün görüşməmişdilər. Putin İlham ƏliyevMoskvanı narahat edən olduqca ciddi və strateji məsələni müzakirə edib.



Moskva-Bakı dialoqunun hazırkı gündəliyinin əsas bəndlərindən biri də “dəhlizdir. Amma fərqli və tamam başqa yerdə - konkret olaraq Xəzərin dibində yerləşən dəhlizdir. Və bu dəhliz “Türkmənistanın TANAP-a qoşulma məsələsi” adlanır. Əgər Aşqabad və Bakı bu məsələdə razılığa gəlsələr, Rusiyanın cənub istiqamətindəki qaz stretegiyasına ciddi çağırış formalaşır, Avropa və Ankaranın proqnozlaşdırdığı kimi, “Türk axını” ilə “Cənub Qaz Dəhlizi” arasında ziddiyətlər yaranır. Rəsmi relizlər və yekun bəyanatlarla “göz-gözə” rejimində bağlı qapılar arxasında müzakirə olunan məsələlər tamam fərqli şeylərdir. Və heç də təsadüfi deyil ki, İlham Əliyevlə görüşündən iki həftə əvvəl elə Soçidəki həmin iqamətgahda Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdü. Həmin görüşdə də Rusiya layihələrinə rəqib olan “qaz dəhlizi” məsələsi əsas müzakirə mövzusu olub. Putin həm İlham Əliyevə, həm də Qurbanqulu Berdiməhəmmədova bu məsələ ilə bağlı Moskvanın narahatlığını və öz mövqeyini çatdırıb. Bu danışıqlardan Bakı və Aşqabadın hansı nəticə çıxaracaqları isə tezliklə bəlli olacaq”, – deyə Pankratenko vurğulayıb.

İnnovativ inkişaf institutunun Strateji təhlil mərkəzinin direktoru Andrey İvanovun fikrincə, İlham Əliyevlə Vladimir Putin əsas müzakirə mövzularından biri Xəzərin dibi ilə Avropaya qaz ötürülməsi məsələsi olub.



“Putinlə Əliyevin Soçi görüşünü tarixi adlandırmaq olar. Çünki söhbət təkcə ikitərəfli əməkdaşlıqdan yox, iri geosiyasi layihələrdə iştirakdan gedir. Məsələn, “Şimal-Cənub” nəqliyya dəhlizi Süveyş kanalından keçməklə Hind okeanı ilə Baltik dənizi arasındakı məsafəni iki dəfə kiçiltməyə imkan verəcək, minlərlə yeni iş yeri yaradacaq, Azərbyacanla Rusiyanı dünya miqyaslı tranzit ölkələrnə çevirəcək. Həmçinin, Moskva-Bakı-Ankara və Moskva-Bakı-Tehran geosiyasi mehvərlri də olduqca perspektivlidir. Bu dörd dövlətin ittifaqı nəinki region, bütün dünya üçün böyük əhəmiyyət kəsb edəcək. Moskva ilə Bakı arasında bütün məsələlər üzrə qarşılıqlı anlaşma mövcuddur. Bunun səbəbi isə münasibətlərimizin milli suverenliyə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulmasıdır. Sadə dillə desək, bu münasibətlər dürüstdür və siyasi güzəştləri iqtisadiyə dəyişmək kimi bazarlıq aparılmır. Təkcə son 5 ildə Putinlə İlham Əliyev artıq 12 dəfə görüşüblər. Çünki ikitərəfli münasibətlərlə yanaşı, mühüm geosiyasi məsələlər, irimiqyaslı və ambisiyalı geosiyasi layihələr üzrə də saatlarımızı yoxlamalıyıq. Odur ki, Soçi görüşünə də bir çox məsələlər yığılıb qalmışdı. Bu həm TANAP qaz boru kəməri, Akatauda beş dövlətin liderləri tərəfindən Konvensiyanın imzalanmasından sonra Xəzərin statusu məsələsi, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizi idi. Bu gün Rusiya və Azərbaycan sadəcə strateji tərəfdaş deyil, həm də iri beynəlxalq layihələrdə əməkdaşdırlar.” - deyə, İvanov qeyd edib.



İnnovativ inkişaf institutunun Geosiyasi tədqiqatlar mərkəzinin rəhbəri Dmitri Rodionov isə İlham Əliyevlə Vladimir Putinin görüşlərindəki intensivliyi ilk növbədə, bu yaxınlarda hakimiyyət dəyişikliyi baş verən Ermənistandakı vəziyyətlə və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirib: “Ermənistanın yeni hakimiyyətinin hansı addımları atacağını demək hələ çətindir. Amma aydındır ki, İrəavan da münaqişənin həllində maraqlı olmalıdır. Və bu məsələdə Rusiya yenə də liderləri masa arxasına əyləşdirərək əlaqələndirici rol oynaya bilər. Bilirik ki, Putin artıq bu yay Əliyevi Paşinyanla tanış edib. İndi isə Moskvanın vasitəçiliyi ilə tamformatlı görüş keçirməyin vaxtıdır.”

Rusiyanın tanınmış hərbi eksperti, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti Aleksandr Perenciyev də Soçi görüşündə diqqəti Dağlıq Qarabağ münaqişəsinə çəkərək, ilk dəfə Putinin Əliyevlə nizamlanma üzrə “yol xəritəsini” müzakirə etdiyini deyib.



“Putinlə Əliyevin bu dəfəki görüşündə ən vacib mövzu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olub. Rusiya prezidenti çıxışında ilk dəfə idi ki, “yol xəritəsi” ifadəsini işlədirdi. Düzdür, bu ifadəni sırf Dağlıq Qarabağ məsələsi ilə yox, iqtisadi və humanitar əməkdaşlığın inkişafı ilə bağlı səsləndirdi. Amma Putinin sözlərindən belə ehtimal etmək olar ki, görüş zamanı Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişəsinin nizamlanmasına dair “yol xəritəsi” də müzakiə olunub.” – deyə, Perenciyev vurğulayıb.

Onun sözlərinə görə, Soçi görüşündə həmçinin, Rusiya və Azərbaycan ABŞ-ın proteksionist və sanksiya siyasətinə qarşı durmaq üçün strategiya aparmağa da başladılar. Bunu, rəsmi Vaşinqtonun məsələ ilə bağlı təhdidlərinə rəğmən iki ölkənin hərbi-texniki əməkdaşlığı davam etdirmək niyyətləri də sübut edir.

Beynəlxalq münasibətlər üzrə ekspert, siyasi şərhçi Dmitri Qalkin isə diqqəti çıxışlarında Putinlə Əliyevin hansı məsələni prioritet hesab etmələrinə çəkib. Onun fikrincə, ikitərəfli iqtisadi əməkdaşlıq və “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasında Rusiyanın iştirakı Putinin çıxışında mərkəzi yer tuturdu. İlham Əliyev isə çıxışını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə iş görülməsinin vacibliyini xatırlatmaqla başladı. Və məhz bundan sonra iqtisadi əməkdaşlıq məsələlərinə keçid etdi.



“Prioritetlərdəki fərqlilik, əlbəttə ki, yaxınlaşma üçün ciddi maneə ola bilməz. Özü də nəzərə alsaq ki, fərqli səbəblərdən olsa belə, hər iki hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdır. Lakin əgər Moskva eqoist mövqe tutaraq yalnız öz maraqları naminə Ermənistanla sıx münasibətlərı davam etdirməklə bərabər Azərbaycanla qarşılıqlı əməkdaşlıqdan fayda götürməyə çalışsa, yaxud da Bakı Rusiyanın Dağlıq Qarabağ məsələsindəki mövqeyində çox sürətli dəyişiklik gözləsə iki ölkənin yaxınlaşması pozula da bilər.” – deyə, Dmitri Qalkin bildirib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Azərbaycan   Rusiya