"Donbassda hərbi vəziyyət tətbiq edilməyəcək" - Poroşenko

"Donbassda hərbi vəziyyət tətbiq edilməyəcək" - Poroşenko
  03 Sentyabr 2018    Oxunub:2849
Kiyev Donbassda hərbi vəziyyət tətbiq etməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə məktəblilər önündə çıxış edərkən deyib. Onun sözlərinə görə, bu cür qərar qəbul etmək onun üçün çətin olub.

“Bu cür qərar vermək və onu parlament qarşısında müdafiə etmək mənim üçün heç də asan olmadı. Biz hərbi vəziyyət tətbiq etməyəcəyik, çünki bizim üçün demokratik dəyərlər suveren dəyərlərdən az önəmli deyil. Və mən Ukrayna xalqına güvənirəm. Biz, hərbi sınaqların öhdəsindən demokratik məhdudiyyətlər tətbiq etmədən də gələ bilərik”, – deyə Poroşenko vurğulayıb.

Qeyd edək ki, Ukrayna 2014-2017-ci illərdə Donbassda hərbi vəziyyətə keçilməsi məsələsini dəfələrlə müzakirəyə çıxarıb. Hərbi rejim tətbiq olunarsa, Donbassda anti-terror əməliyyatlarının icrası və nəzarət Ukrayna ordusuna keçəcək.

Xatırladaq ki, avqustun 31-də Ukraynanın şərqində qondarma Donetsk Xalq Respublikasının mərkəzindəki “Separ” kafesində baş verən partlayış nəticəsində Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko ölüb, qondarma respublikanın onunla birlikdə olan gəlirlər naziri Aleksandr Timofeyev və daha 10 nəfər xəsarət alıb. Donetsk separatçıları partlayışı terror aktı kimi qiymətləndiriblər və məsuliyyəti Ukrayna xüsusi xidmət orqanlarının üzərinə qoyublar. Həmçinin, baş verənlərdən yararlanmaq istəyən Kiyevin Donetsklə sərhəddə hərbi texnika cəmləşdirdiyini və hücuma hazırlaşdığını bildiriblər. Baş verənlərə münasibət bildirən Rusiya da Zaxarçenkonun qətlində Kiyevin əli olduğunu iddia edib. Rəsmi Kiyev isə ittihamları rədd edir.

2014-cü ilin Maydan hadisələrindən etibarən Şərqi Ukraynada – Donbassda hökumət qüvvələrilə qarşıdurma indiyədək davam edir. Donbass əyalətində yerləşən Luqansk və Donetsk münaqişə rayonlarıdır və özlərini “müstəqil” respublika elan etsələr də, beynəlxalq birlik tərəfindən tanınmırlar. Ukrayna böhranının 2014-cü il Minsk razılaşmaları üzrə nizamlanmasilə Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakilə “Normand formatı” məşğul olur.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ukrayna   Donbass   Rusiya  





Xəbər lenti