Kataloniya yenidən müstəqillik referendumu keçirəcək

Kataloniya yenidən müstəqillik referendumu keçirəcək
  03 Sentyabr 2018    Oxunub:2614
İspaniya hökuməti ölkənin şimal-qərb hissəsində yerləşən Kataloniya muxtar vilayətinin statusuna dair təkrar referendum keçirilməsini təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes bəyan edib.

“Məsələ müstəqillik deyil, birgə mövcudluqdur. Muxtar vilayətin rəhbərinin nə deməsindən asılı olmayaraq, İspaniya hökuməti ikitərəfli komissiyanın danışıqlar masasından qalxmayacaq”, – deyə Sançes bildirib.

Onun fikrincə, muxtar vilayətin yeni razılaşmaya ehtiyacı var və bu mənada, yeni referendum Kataloniyanın öz müqəddəratını təyin etmə məsələsini birdəfəlik bağlamağa imkan verəcək.

Qeyd edək ki, 2017-ci ilin 1 oktyabrında Kataloniyada müstəqillik haqqında qanunsuz referendum keçirilib. 3 milyon katalonun iştirak etdiyi referendumda seçicilərin 90 faizi müstəqilliyin lehinə səs verib. 27 oktyabrda Kataloniya parlamenti müstəqillik haqqında qanun layihəsini rəsmən təsdiqləyib.

Nəticədə İspaniya mərkəzi hökuməti ölkə konstitusiyasının 155-ci maddəsini əsas tutaraq, Kataloniyanın idarəsini birbaşa Madridin nəzarətinə keçirib. Muxtar vilayətin o zamankı rəhbəri karlos Puçdemon isə İspaniyadan qaçaraq əvvəlcə Belçikada, daha sonra isə Almaniyada gizlənib. Hazırda onun ekstradisiyası ilə bağlı Madridlə Berlin arasında danışıqlar gedir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kataloniya   İspaniya  





Xəbər lenti