İraqda hökumət böhranı davam edir

  03 Sentyabr 2018    Oxunub : 2024
İraqda hökumət böhranı davam edir
12 may seçkilərindən sonra bu gün yeni tərkibdə ilk iclasını keçirən İraq parlamenti ölkədə koalisiya hökuməti formalaşdırmaq məsələsində ortaya çıxan ziddiyyətlər fonunda işinə 1 saatlıq fasilə verməli olub.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, parlamentin açılış çıxışını İraq prezidenti Fuad Məsum edib. O, ölkədə qanunverici, icra və məhkəmə hakimiyyəti arasında əməkdaşlıq və hörmətin vacibliyini vurğulayaraq, yeni parlamentdən xalqa xidmətin təmin edilməsi məsələsində böyük işlər gözlədiyini bildirib.

Baş nazir Heydər əl-İbadi də çıxış edərək İraqda qurulacaq yeni hökuməti xalqa ictimai xidmətlər göstərməkdə səylərini əsirgəməməyə çağırıb.

“Vaxtilə biz hökuməti təhvil alanda ordu və bəzi bölgələrdəki polis qurumları çökmüşdü, İŞİD-lə mübarizə davam edirdi. İraqın yeni hökuməti isə vahid bədən formasında güclü bir dövlət idarəçiliyini təhvil alacaq. Parlamentdə təmsil olunan bütün siyasi qrupları ucqar kəndlərdəki vətəndaşların problemlərini həll etməyə səsləyirəm”, – deyə İbadi vurğulayıb.

Lakin qurulacaq yeni koalisiya hökuməti ilə əlaqədar siyasi partiyalar arasında müəyyən fikir ayrılığı yarandığından parlament işinə ara verməli olub.

Belə ki, İraqda İbadi və parlament seçkilərinin qalibi Müqtəda əs-Sədrdən ibarət bloka qarşı, “Həşdi Şabi” hərəkatının lideri Hadi əl-Əmiri və ölkənin sabiq baş naziri Nuri əl-Malikinin yaratdığı blok parlamentdə hökumət formalaşdırmaq üçün lazımi 166 yerə sahib olduqlarını və məhz özlərinin koalisiya hökuməti qura biləcəklərini iddia edirlər. Əmiri və Maliki İranın İraqdakı ən yaxın müttəfiqləri kimi tanınırlar, hazırkı baş nazir İbadi isə ABŞ-ın üstünlük verdiyi namizəddir. Müqtəda əs-Sədr isə yeganə şəxsdir ki, İraqda həm ABŞ, həm də İranın təsirinə qarşı çıxır və müstəqil daxili-xarici siyasət yürüdülməsinin tərəfdarıdır.

Qeyd edək ki, 12 may parlament seçkilərində saxtakarlığa yol verilməsi ilə bağlı İraqın bəzi bölgələrinin əhalisinin etirazına uyğun olaraq səslərin əllə yenidən sayılmasından sonra İraq parlamenti nəhayət ki, yeni tərkibdə ilk iclasını keçirib. Bununla da, uzun müddədən sonra ölkədə koalisiya hökuməti formalaşdırılacaq. Artıq koalisiya hökumətinin yaradılması üçün seçkilərdə qələbə çalan siyasi qruplar arasında razılıq da əldə olunub. Belə ki, parlament seçkilərinin qalibi Müqtəda əs-Sədr, baş nazir Heydər əl-İbadi, şiə liderlərdən İshaq İbn Həkim, sabiq baş nazir İyad Ələvi və prezidentin köməkçisi Usamə Nuceyfi hökumət formalaşdırmaq naminə ən böyük parlament koalisiyanı yaradıblar. Koalisiyia hökumətində 16 partiyadan 177 millət vəkili təmsil olunur ki, bu da İraqın yeni hökumətinin formalaşdırılmasına kifayət edir. Həmçinin, yeni hökumətdə şiə-sünni ərəblərlə yanaşı, türkmənlərin, yezidilər və xristian dini-etnik azlıqların da yer alacağı bildirilir. Lakin kürdlər və digər azlıqlar hələ kimin koalisiyasına qoşulacaqlarını açıqlamayıblar. Bu mənada, koalisiya hökumətinin formalaşdırılmasında mütləq çoxluğa malik olamq üçün rəqib olan hər iki siyasi blok onları öz sıralarına cəlb etməlidirlər.

329 nəfərdən ibarət İraq parlamenti öncə öz sədrini, daha sonra isə 30 gün ərzində ölkə prezidentini seçməli, o isə öz növbəsində baş naziri təyin etməlidir. İraq Konstitusiyasına əsasən, baş nazir şiə, prezident kürd, parlamentin sədri isə sünni təmsilçisi olmalıdır.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: İraq   Parlament   ABŞ   İran   Koalisiyahökuməti