Ramil Quliyev Avropada ayın atleti seçilə bilər

Ramil Quliyev Avropada ayın atleti seçilə bilər
  04 Sentyabr 2018    Oxunub:6875
Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin adı Avropa Atletika Assosiasiyasının internet vasitəsilə səsverməyə çıxardığı “Avropada avqust ayının atleti” sorğusunda namizədlər siyahısına daxil edilib.
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Atletika Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, Ramil Quliyev avqustun 7-12-də Berlində keçirilən Avropa birinciliyinin kişilər arasında 200 metr məsafəyə qaçış yarışında 19,76 saniyəlik nəticə ilə çempionatın rekordunu yeniləyərək qızıl medala sahib olub. Bu uğuru sayəsində Ramil Quliyevin adı “ayın atleti” nominasiyası üzrə səsverməyə çıxarılan namizədlərin siyahısına salınıb.

Səsvermə “Twitter” və “Facebook” sosial şəbəkələri vasitəsilə aparılır. Avqust ayının ən yaxşı atleti kişilər və qadınlar kateqoriyalarının hər biri üzrə 5 idmançı arasından seçiləcək. Namizədlər siyahısında kişi idmançılardan Armand Duplantis (İsveç), Ramil Quliyev (Türkiyə), Jarnel Hyus (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Naerts (Belçika), qadınlardan isə Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Hussonq (Almanya), Laura Muir (Böyük Britaniya), Katerini Stefanidi (Yunanıstan) və Anita Vlodarçik (Polşa) yer alıblar.

AzVision.az


Teqlər: Ramil-Quliyev  





Xəbər lenti