Azərbaycan və Rusiya subyektləri effektiv əməkdaşlıq edirlər - Zaxarova

Azərbaycan və Rusiya subyektləri effektiv əməkdaşlıq edirlər - Zaxarova
  07 Sentyabr 2018    Oxunub:2547
Azərbaycan-Rusiya regionlararası əlaqələrinin mühüm elementlərindən biri Rusiya Federasiyası subyektlərinin Azərbaycan Respublikası ilə çoxplanlı və hərtərəfli əməkdaşlığıdır.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiya ilə Azərbaycan arasındakı regionlararası əməkdaşlıq barədə ətraflı məlumat verərkən belə deyib. Bildirib ki, bu cür əməkdaşlıq Rusiya subyektlərinin yerli hökumətləri ilə Azərbaycan hökuməti arasında imzalanan razılaşmalar əsasında həyata keçirilir və inkişaf edir. Hazırda 17 belə müqavilə mövcuddur və bir neçə yeni sazişlər də hazırlanır.

Zaxarovanın sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında regionlararası əlaqələrin effektivliyini göstərən amillərsən biri də Bakıda Rusiyanın bir sıra subyektlərinin nümayəndəlikləri, ticarət evləri, biznes qurumları və regional aviaşirkətlərinin nümayəndəliklərinin olmasıdır.

“Öz növbəsində, azərbaycanlı iş adamları “Yessentuki” sanatoriya-kurort mərkəzinin, həmçinin Krasnodar diyarında qida məhsulları istehsal edən zavodun tikintisinə sərmayə qoyublar. Hazırda Kabardin-Balkar və Dağıstanda da layihələr həyata keçirilir. Hər il keçirilən Rusiya-Azərbaycan regionlararası forumu yeni əməkdaşlıq layihələrinin hazırlanmasının müzakirəsi edilməsi üçün platformadır. İndi növbəti, sayca 9-cu belə forum hazırlanır.” – deyə, Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Zaxarovanın bu məlumatları ötən brifinqdə Gəncədə keçiriləcək Azərbaycan-Rusiya regionlararası IX forumu ilə bağlı azərbaycanlı jurnalistin sualına cavabdır. Həmin vaxt Rusiya XİN rəsmisi bu barədə növbəti brifinqdə ətraflı məlumat verəcəyini demişdi.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti