Rusiya Ermənistana satdığı qazın qiymətini artıra bilər

Rusiya Ermənistana satdığı qazın qiymətini artıra bilər
  08 Sentyabr 2018    Oxunub:3213
Atdığı addımlar və verdiyi bəyanatlarla Ermənistanın yeni rəhbərliyi Rusiyanı kifayət qədər qıcıqlandırıb. Strateji müttəfiq olmalarına baxmayaraq, Moskva İrəvanın bu davranışlarına çox susası deyil. Bu mənada, bəzi erməni rəsmilər Rusiyanın İrəvana qarşı təsir və təzyiq rıçaqlarını bir-bir işə salacağından ehtiyatlanırlar. Həmin rıçaqların sırasında Ermənistana satılan təbii qaz tariflərinin artırılması da var.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri Xosrov Arutyunyan bu ilin sonunda İrəvanın Rusiya ilə təbii qazın qiymətinə dair imzaladığı müqavilənin müddətinin bitməsinə diqqət çəkərək, həyəcan təbili çalıb. Həmin sazişə əsasən, Rusiyanın Ermənistana satdığı qazın min kubmetri üçün 150 dollar tarif müəyyənləşdirilib. Lakin Arutyunyan əmin deyil ki, Moskva əvvəlki güzəştli tarifi saxlayacaq, ya yox. Bu mənada Ermənistanın yeni hökumətinin səhv siyasətinə vurğu edən Arutyunyan istisna etməyib ki, Nikol Paşinyan hökuməti Rusiyaya münasibətdə “nala-mıxa vurmağa” davam etsə Moskva enerji sahəsində demək olar ki, tamamilə Rusiyadan asılı olan Ermənistana satdığı qazın qiymətini qaldıracaq. Bu isə, Ermənistan iqtisadiyyatı üçün fəlakət deməkdir.

“Təəssüf ki, Ermənistan-Rusiya münasibətlrində enerji daşıyıcıları strateji əhəmiyyətə malikdir. Hərdən elə olur ki, enerjidaşıyıcılarına qoyulan tariflər hesabına dövlətlərarası digər məsələlər də tənzimlənir. Bu mənada Ermənistanın ciddi problemi var və biz Rusiya-Ermənistan münasibətlərində çox diqqətli və ehtiyatlı olmalıyıq. Özü də nəzərə alsaq ki, son zamanlar Azərbaycanın Rusiya üçün strateji önəmi daha da artır.” – deyə, erməni deputat Paşinyan hökumətinə xəbərdarlıq edib.

Arutyunyan Paşinyan hökumətinin korrupsiya ilə mübarizə adı ilə həyata keçirdiyi həbslərə də toxunaraq bildirib ki, qanun pozuntularına görə günahkarları cəzalandırmaq yaxşı şeydir. Amma gərək təkcə təqiblə məşğul olmayıb, bununla yanaşı struktur dəyişiklikləri də edəsən ki, korrupsiya aradan qaldırılsın.

Deputata görə, hökumət düşünür ki, inqilab ruhu ilə təkcə korrupsiya və monopoliya ilə mübarizə aparsa o dəqiqə bütün xarici investorlar Ermənistana axışacaq. Bu, səhv düşüncədir. Çünki “inqilab” sözü və əhalidə inqilab ruhunun hələ də qalması beynəlxalq investorları cəzb etmək əvəzinə həmişə itələyib. Səbəb isə odur ki, belə şərait ölkədə qeyri-müəyyənlik və proqnozlaşdırıla bilinməyən vəziyyətlər yaradır ki, investorlar da sabit siyasi-ictimai mühitə malik olmayan ölkələrdə maliyyə riskinə girmək istəmirlər.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti