Paşinyan keçmiş baş naziri də tutdurur - Yenilənib
**
Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı 2008-ci ilin 1 mart hadisələrilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb.AzVision.az xəbər verir ki, bu barədə Abramyan özü “Facebook” səhifəsində bildirib. Qeyd edib ki, ona qarşı ilkin qətimkan tədbiri kimi ölkəni tərk etməməsinə dair qərar verilib.
Məhkəmənin və Ermənistan hüquq-mühafizə orqanlarının bu qərarından hiddətlənən Abramyan baş verənləri özünə qarşı təxribat adlandırıb.
Keçmiş baş nazirin sözlərinə görə, bir ay əvvəl maskalı şəxslər ona və qohumlarına məxsus evlərə basqın edərək axtarış keçiriblər. Lakin əməliyyat nəticəsində qanunsuz heç nə aşkarlamayıblar. Əvəzində kobud şəkildə onun pasportunu götürüblər. Həmçinin, Mxçyanda guya ona məxsus olduğu iddia edilən mexanika zavodunda da axtarış keçirilib və oradan tapılan silahları 2008-ci ilin 1 mart hadisələrilə əlaqələndirməyə çalışıblar. Lakin ekspertizanın nəticələri heç bir əlaqənin olmadığını üzə çıxarıb. Abramyana görə, baş verənləri 4 sentyabrda ictimai formada tənqid etdiyinə görə, bir gün sonra onu Xüsusi İstintaq Xidmətinə aparıblar və artıq başqa cinayət işi üzrə şahid qismində dindirməyə başlayıblar. Amma Abramyan bildirib ki, dindirilmə zamanı qəfildən əsassız sübutlarla ona qarşı ittiham irəli sürülüb və ölkəni tərk etməyəcəyinə vəd verməsilə bağlı imzası alınıb. Bu mənada keçmiş baş nazir Paşinyanı saxta sübutlarla əvvəlki hökumət üzvlərinə qarşı qisasda günahlandırıb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


