Yəmən üzrə Cenevrə danışıqları pozuldu

Yəmən üzrə Cenevrə danışıqları pozuldu
  08 Sentyabr 2018    Oxunub:2657
Cenevrədə Yəməndəki münaqişənin nizamlanmasına dair keçirilməsi nəzərdə tutulan görüş baş tutmayıb. Səbəb isə husilərin danışıqlarda iştirakdan imtina etməsidir.
AzVision.az bildirir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Yəməndəki vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün ölkənin leqitim hökuməti və “Ənsər Allah” (husilər) hərəkatının nümayəndələri birlikdə Cenevrədə danışıqlar aparılmalı idi. Lakin husilər görüşün keçiriləcəyi məkana gəlmədiyindən, danışıqlar baş tutmayıb.

“Görüşün təşkilatçıları “Ənsər Allah” hərəkatı nümayəndələrinin iştirakını təmin edə bilmədilər. Bununla belə, biz Yəmən hökumətinin nümayəndə heyətilə olduqca məhsuldar məsləhətləşmələr apardıq. Danışıqlar müsbət atmosferdə keçdi və müəyyən irəliləyişə nail olundu.” – deyə, BMT rəsmisi vurğulayıb.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir.

Leylıa Elbrusqızı
AzVision.az




Teqlər: Yəmən   Husilər   BMT   Cenevrə  





Xəbər lenti