İsveçdə kritik seçkilər – Hökumət qurulacaqmı?

İsveçdə kritik seçkilər – Hökumət qurulacaqmı?
  10 Sentyabr 2018    Oxunub:1168
Ötən gün İsveçdə Riksdaqa (parlament) keçirilən seçkilərin nəticəsi gözlənilməz olub və ölkədə koalisiya hökumətinin formalaşdırılmasını daha da çətinləşdirib.
AzVision.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, 9 sentyabrdakı seçkilərin nəticələrinə əsasən, hakim koalisiyadakı mərkəz-solçu Sosial Demokratlar Partiyası 28,4 faiz səslə birinci, mərkəz-sağçı Mötədillər Partiyası isə 19,2 faiz səslə ikinci yeri tutub.

Seçkilərin ən gözlənilməz nəticəsi isə milliyyətçi və anti-miqrant mövqeli İsveç Demokratları Partiyasının təxminən 17,6 faiz - əvvəlki seçkilərdə topladıqları səslərdən 5 faiz çox səs qazanmaqla parlamentdə ən çox yerə sahib üçüncü siyasi partiya olmasıdır.

Ötən günkü seçkilərdə 10 milyonluq İsveç əhalisinin 7,5 milyon qeydiyyatda olan seçicisi səsvermə hüququndan istifadə edərək növbəti 4 il üçün 349 yerlik parlamentə 6,300 namizəd arasında seçim ediblər. Lakin nəticələr Sosial Demokratlar, Yaşıllar və Sol Partiyadan ibarət hakim koalisiya ittifaqının xeyrinə olmayıb. Belə ki, ilkin nəticələrə görə onlar ümumilikdə 40,6 faiz səslə parlamentdə 144 yer əldə edib. Mötədillər, Mərkəzçilər, Liberallar və Xristian-Demokratlar partiyalarının formalaşdırdığı “Alyans” müxalifət bloku isə 40,3 faiz səslə parlamentdə 143 yer qazanıb.

Seçkilərin nəticələrindən aydın olur ki, heç bir blok mütləq çoxluğa sahib ola bilməyib və İsveçdə koalisiya hökumətini formalaşdırmaq çətinləşəcək. Ənənə üzrə parlamentdə çoxluq qazanan partiyanın lideri ölkənin baş naziri olur və hökuməti qurur. Lakin “France-Presse” yazır ki, indi belə vəziyyətdə növbəti hökuməti kimin quracağı açıq qalır.

Situasiyanın mürəkkəbliyini görən İsveçin baş naziri, Sosial Demokratlar Partiyasının lideri Stefan Lofven “bizim bloklararası əməkdaşlığa ehtiyacımız var” deyərək, müxalif “Alyans” blokunu danışıqlara çağırıb. Müxalifətdən baş nazirin bu təklifinə rədd cavabı gəlib. 4 partiyalı “Alyans” Lofvendən istefa verərək, hökuməti qurmaq üçün onlara yol açmasını tələb edib.

“Bu hökumət şansı var idi. Amma indi istefa etməlidir”, – deyə “Alyans”a daxil olan Mötədillər Partiyasının lideri Ulf Kristerson bəyan edib.

Belə olduqda Lofvenin sabit koalisiya hökuməti formalaşdırmaq cəhdləri fiasko ilə üzləşə bilər. Çünki ultra-sağçılarla hökumət qurmaq ideyasını qəti şəkildə rədd edən Lofvenin yeganə çıxış yolu “Alyans”la əməkdaşlıqdan keçir ki, onlar da bundan imtina edirlər. Mərkəz-solçular 2014-cü ildə “Yaşıllar”la olduğu kimi azlıq hökuməti də formalaşdıra bilərlər. Lakin bu dəfə seçkilərdən üçüncü çıxan ultra-sağçı “İsveç Demokratları” vacib qanunların qəbulunda parlamentdə onların əleyhinə gedəcək.

Miqrasiya siyasətlərindəki fərqliliyə rəğmən isə “Alyans”a daxil olan, 2006-2014-cü illərdə İsveçi idarə edən 4 siyasi partiya yenidən koalisiya yaratmaq barədə razılığa gəliblər. Lakin hakim ittifaqla əməkdaşlıqdan imtina edən “Alyans”ın çoxluq əldə etmək üçün ultra-sağçıların dəstəyinə ehtiyacı var. Ehtimal olunur ki, “Alyans” İsveç Demokratları ilə bəzi siyasi məsələlərdə güzəştə gedə bilər. Lakin ultra-sağçıların “koalisiya danışıqları üçün tələblərimizdən ibarət uzun bir siyahı tərtib etmişik” bəyanatı razılığın çətin əldə olunacağına işarə edir. Çünki ultra-sağçılar miqrantların İsveçdən deportasiya olunmasını və ölkənin Avropa İttifaqından çıxmasının tələb edirlər ki, bu məsələlərdə hansısa ortaq məxrəcə gəlmək olduqca çətindir.

Bu mənada əgər İsveç Demokratları iki blokdan biri ilə koalisiyaya qoşularsa, İsveçdə miqrantlara sığınacaq və vətəndaşlıq verilməsi prosedurları çətinləşəcək, hətta analitiklərin fikrincə, yaxın zamanlarda Avropada ən çox miqrant qəbul edən İsveçdə onların deportasiya dalğası başlayacaq.

Ən pis məqam isə odur ki, İsveçdə Belçika təcrübəsi yaşana bilər. İsveçli analitiklər qorxurlar ki, siyasi partiyalar arasında qeyri-razılıq uzun müddət ölkəni hökumətsiz qoya bilər. Necə ki, 2010-2011-ci illərdə 589 gün ərzində Belçika hökumətsiz qalmışdı.
.
Leyla Elbrusqızı
AzVision.az



Teqlər: İsveç   Seçki  





Xəbər lenti