Sindzo Abenin atasının şəxsi köməkçisi: Azərbaycan Qafqazın açar dövlətinə çevrilib - EKSKLÜZİV

Sindzo Abenin atasının şəxsi köməkçisi: Azərbaycan Qafqazın açar dövlətinə çevrilib - EKSKLÜZİV
  11 Sentyabr 2018    Oxunub:5347
2-8 sentyabr tarixlərində Yaponiyanın xarici işlər naziri Taro Kano Cənubi Qafqaz regionuna rəsmi turneyə çıxaraq Azərbaycan, Gürcüstan və Ermənistanda olub. Yapon politoloq, Vaşinqtondakı Hudson İnstitutunun böyük elmi işçisi, Yaponiyanın sabiq xarici işlər naziri - hazırkı baş nazir Sindzo Abenin atası Sintaro Abenin şəxsi köməkçisi İsomura Cun Kanonun Bakıya səfəri çərçivəsində keçirdiyi görüşlər və Azərbaycan-Yaponiya münasibətlərinin perspektivini xüsusi olaraq AzVision.az-a şərh edib.
Məlumat üçün bildirək ki, İsomura Cun Yaponiya xarici siyasətindəki ən gərgin vaxtlarda fəaliyyət göstərib. O, 1991-cı ildə tarixdə ilk dəfə SSRİ rəhbərinin – Mixail Qorbaçovun Yaponiyaya səfərinin təşkilinə cavabdeh şəxslərdən biri olub. İsomura hətta SSRİ-də 1991-ci ilin avqust qiyamına 3 gün qalmış SSRİ-nin birinci vitse-prezidenti, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Gennadi Yanayevlə də görüşüb. Bu cür zəngin təcrübəsinə əsaslanaraq, ekspert hesab edir ki, Azərbaycanla Yaponiya arasındakı əməkdaşlıq yaxşı perspektivlər vəd edir. Lakin Tokio Cənubi Qafqazda məhdud təsirə malik olacaq.



İsomura Cunun fikrincə, 19 illik fasilədən sonra Yaponiya XİN rəhbərinin Azərbaycana ikinci, Gürcüstan və Ermənistana isə ilk səfəri onu göstərir ki, rəsmi Tokio Cənubi Qafqaz regionunun hər üç ölkəsi ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Taro Kanonun məhz Bakı səfərinə gəlincə isə “onun burada keçirdiyi görüşlər Qafqazın açar dövlətinə çevrildikdən bəri Azərbaycanla Yaponiya arasındakı ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün böyük imkanlar açdı. Bugünkü dünyanın çətin və narahat şərtləri altında Azərbaycan beynəlxalq enerji təhlükəsizliyində başlıca rollardan birini oynayır.

Yapon politoloq hesab edir ki, Cənubi Qafqazın hər üç ölkəsinə səfərində Yaponiya XİN rəhbərinin “Qafqaz təşəbbüsü” təklifi ilə çıxış etməsi Tokionun bu ölkələrin inkişafında maraqlı olduğunu göstərir. Bu təşəbbüs Yaponiyanın öz təcrübəsini bölüşməklə Qafqaz regionunun müstəqil inkişafına dəstəyi nəzərdə tutur.



“Bunun üçün Yaponiya əvvəlkitək ilkin məqsəd kimi insan resurslarının inkişafına öz töhfəsini verməyə davam edəcək. Bu insan resurslarının başlıca məqsədi isə əlverişli biznes mühitin və infrastrukturun yaradılması, digər ölkələrdən investisiya axını yolu ilə “daha cəlbedici Qafqaz”ın yaradılmasını təşviq etməkdir. Əlbəttə ki, bu, asan məsələ olmayacaq. Amma beynəlxalq təhlükəsizliyin tərkib hissəsi kimi indiki zamanda Qafqaz regionundakı əməkdaşlıq və təhlükəsizlik üçün olduqca vacibdir. Cənab Kanonun bu dəfəki səfəri də, məhz bu məqsədə nail olunmasında mühüm mərhələ olacaq.” – deyə, İsomura vurğulayıb.

Onun sözlərinə görə, Tokionun Cənubi Qafqazda müəyyən səy və təşəbbüsləri dəstəkləmək imkanına malik olmasına rəğmən, Yaponiyanın Qafqazdakı rolu məhdudlaşdırılacaq.



İsomura Cun Yaponiya XİN rəhbərinin Azərbaycana səfərində Bakı ilə Tokio arasında birbaşa aviauçuşların açılması imkanlarına dair müzakirələr aparılmasını, həmçinin, Yaponiyanın Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarını da şərh edib. Bildirib ki, hökumətlərimiz 2017-ci ildə hava nəqliyyatı haqqında saziş imzalayıblar. Hazırda “Silk Way West Airlines” Yaponiyaya yükdaşıma təyinatlı birbaşa uçuşlar həyata keçirir.

“Tokio Azərbaycan vətəndaşlarına çox sayda viza təqdim edəcək. Bu isə biznes sahəsində daha dərin əlaqələrin inkişafı, o cümlədən, xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün geniş imkanlar açacaq”.



Lakin İsomura Azərbaycanla Yaponiya arasındakı ticarət mübadiləsi həcminin qənaətbəxş olmadığını düşünür. Onun sözlərinə görə, Yaponiya qrantlar, güzəştli kreditlər və digər xidmətlər səviyyəsində Azərbaycanın sosial-iqtisadi inkişafına rəsmi yardım ayıran aparıcı ölkələrdən biridir. Bununla belə, iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki kimi çox azdır. Yaponiya Azərbaycana əsasən, polad, avtomobillər, müxtəlif avadanlıqlar və lif ixrac edir.

“Yaponiyada Cənubi Qafqazın digər dövlətləri – Gürcüstan və Ermənistanla əməkdaşlığı necə dəyərlənirirlər?” sualına isə İsomuranın cavabı maraqlı oldu. Onun fikrincə, əksər yaponlar özlərini Gürcüstana daha yaxın hiss edirlər, çünki gürcülərin 3 sumo ( vətəni Yaponiya olan döyüş idman növü) güləşçisi var. Amma yapon politoloqun fikrincə, hətta sovet dövründə belə Cənubi Qafqaz həmişə mürəkkəb region olub. Bu səbəbdən də Tokio rəsmi Bakının belə bir mürəkkəb regionda sabitlik təşəbbüslərini yüksək qiymətləndirir.

“Düşünürəm ki, regionun inkişafı və sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycanın Ermənistan və Gürcüstanla əməkdaşlıq etmək cəhdlərini Yaponiya yüksək qiymətləndirir. ABŞ-ın mərhum senatoru Con Makkeynin vida mesajından bir sitat gətirmək istəyirəm: “Biz, vətənpərvərliklə qəbilə rəqabətinin yerini səhv saldığımız zaman böyüklüyümüzü itirmişik. Bu isə dünyanın hər yerində narazılıq, nifrət və zorakılığın cücərməsinə səbəb olub””.

Leyla Elbrusqızı
Seymur Məmmədov

AzVision.az


Teqlər: Azərbaycan   Yaponiya   Qafqaz  





Xəbər lenti