ABŞ Yaxın Şərqdə əməliyyatlara 1,5 trilyon dollar xərcləyib

ABŞ Yaxın Şərqdə əməliyyatlara 1,5 trilyon dollar xərcləyib
  11 Sentyabr 2018    Oxunub:2537
ABŞ-ın Əfqanıstan, İraq və Suriyadakı hərbi əməliyyatlara çəkdiyi xərclər artıq 1,5 trilyon dolları ötüb.
AzVision.az xəbər verir ki, bu barədə CNBC telekanalı Pentaqonun hesabatına əsasən mləumat yayıb. Qeyd olunur ki, 2001-ci ilin 11 sentyabrından etibarən ABŞ Müdafiə Nazirliyi həmin ölkələrdə döyüş əməliyyatları ilə bağlı xərclərin qarşılanması üçün 1,501 trilyon dollar maliyyə ayırıb. Bu rəqəm cari ilin martına olan statistikadır.

Həmin xərclərin ən çox hissəsi İraqdakı hərbi əməliyyatlara gedib – 731 milyard dollar, yəni ümumi məbləğin 49 faizi. 584,3 milyard dollar Əfqanıstandakı əməliyyatlara xərclənib. Hərbi müdaxilədən sonrakı Əfqanıstana isə daha 134,3 milyard dollar ayrılıb. Amerikanın bu ölkələr arasında ən az hərbi xərc çəkdiyi dövlət isə Suriyadır. Suriyadakı əməliyyatlara 23,5 milyard dollar xərclənib.

Qeyd edək ki, ABŞ 2001-ci ilin oktyabrında “Əl-Qaidə” və “Taliban”la mübarizə adı altında Əfqanıstana, 2003-cü ilin martında isə kütləvi qırğın silahlarının məhv edilməsi “niyyəti” ilə Səddam Hüseyni devirmək üçün İraqa hərbi müdaxilə edib. 2014-cü ilin sentyabrından isə İŞİD terror təşkilatının məhv edilməsi məqsədilə Suriyada hərbi əməliyyatlara başlayıb. İraq və Əfqanıstanda ümumilikdə 2 milyondan çox ABŞ əsgər və zabiti iştirak edib. İŞİD-lə mübarizə də daxil olmaqla, həmin müharibələrdə Pentaqon 6800 itki verib, 52 min 300 amerikalı hərbi qulluqçu isə yaralanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İraq   Əfqanıstan   Suriya  





Xəbər lenti