Rusiya tarixində ən irimiqyaslı hərbi təlimlər başladı - (VİDEO)
AzVision.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 11-17 sentyabr tarixlərində keçiriləcək “Vostok-2018” adlı təlimlərdə 300 min rus əsgəri, mindən artıq döyüş təyyarəsi, helikopter və pilotsuz uçuş aparatlar, həmçinin, 36 min tank və digər piyada zirehli texnikası, 80-ə yaxın gəmi iştirak edəcək. Təlimlərdə həmçinin, "İsgəndər" raket kompleksi və "S-300" zenit-raket sistemlərinin saxta nümunələri vasitəsilə praktiki döyüş hazırlığı aparılacaq.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, “Vostok-2018” təlimlərində ilk 2 gündə planlama və hazırlıqlar aparılacaq, daha sonra isə əsl əməliyyatlara start veriləcək. Şoyqu vurğulayıb ki, təlimlər 5 ordu təhsil meydançası, 4 hərbi hava bazası, Yapon dənizi, Berinq boğazı və Oxotsk dənizi ətrafındakı poliqon və bölgələrdə keçiriləcək. İrimiqyaslı təlimlər Yaponiya ilə mübahisli Kuril adaları ərazisini əhatə etməyəcək.
Rusiya prezidenti Vladimir Putinin “Vostok-2018” hərbi təlimlərini şəxsən izləyəcəyi gözlənilir.
Qeyd edək ki, 1981-ci ildə SSRİ-də keçirilmiş “Zapad-81” hərbi təlimlərindən sonra “Vostok-2018” Rusiya ərazisində keçirilən ən irimiqyaslı hərbi təlim sayılır. “Zapad-81” 1981-ci il sentyabrın 4-12-də Belarus, Kiyev, Baltikyanı hərbi dairələrdə və Baltik dənizində keçirilib.
Rusiyanın bu cür hərbi təlimlərə başlamasına NATO-dan da reaksiya gəlib. Təşkilatdan bildiriblər ki, “Vostok-2018” Rusiyanın daha geniş müharibəyə üstünlük verəcəyinin göstəricisidir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Rusiya NATO Çin Vostok-2018