Suriyanın Konstitusiya Komitəsinə dair ilk iclas keçirilir

Suriyanın Konstitusiya Komitəsinə dair ilk iclas keçirilir
  11 Sentyabr 2018    Oxunub:1705
İsveçrənin Cenevrə şəhərində Suriyanın yeni konstitusiyasının hazırlanması məqsədilə Konstitusiya Komitəsinin formalaşdırılması ilə bağlı ilk iclas keçirilir.
AzVision.az xəbər verir ki, Cenevrə görüşündə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura və Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, Türkiyə və İranın nümayəndələri iştirak edirlər. Gün boyu davam etməsi gözlənilən danışıqlarda Suriyada Konstitusiya Komitəsinin yaradılmasına dair bütün detallar müzakirə ediləcək.

Bugünkü danışıqlar Suriya üzrə Astana formatından kənar aparılır. Yaradılacaq Konstitusiya Komitəsində Bəşər Əsəd hökuməti və suriyalı müxalifətin təmsilçiləri də yer alacaq.

Qeyd edək ki, 30 yanvarda Soçidə keçirilən Suriya üzrə Milli Dialoq Konqresində Suriyanın yeni konstitusiyasının hazırlanması ilə məşğul olacaq komitənin yaradılması barədə razılıq əldə olunmuşdu. Lakin indiyədək komitənin formalaşdırılmasını ilə bağlı tərəflər eyni masada əyləşərək birbaşa danışıqlar aparmayıblar. Bu günkü iclasla Suriyada siyasi nizamlanma üzrə kritik mərhələyə qədəm qoyulduğu bildirilir.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Suriya   BMT   Cenevrə   Konstitusiya  





Xəbər lenti