Qərargah rəisi Xaçatryana qarşı - “Qarabağdakı itkiləri mart qırğını ilə əlaqələndirməyin”

Qərargah rəisi Xaçatryana qarşı - “Qarabağdakı itkiləri mart qırğını ilə əlaqələndirməyin”
  12 Sentyabr 2018    Oxunub:5440
Ermənistan Silahlı Qüvvələrinin hazırkı baş qərargah rəisi, 2007-2017-ci illərdə SQ baş qərargahının operativ idarəsinə rəhbərlik edən Artak Davtyan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın ordunun 2008-ci ilin 1 mart qırğınında iştirakı və etirazçılara atəş açması ilə bağlı ittihamlarını təkzib edib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında Davtyan 2008-ci ilin 1 mart mitinqinin yatırılması üçün ordunun dinc nümayişçilərdən başqa, hətta İrəvandakı yaşayış evlərinə atəş açmasına dair iddiaların yalan olduğunu bildirib.

“Ordu heç kəsə güllə atmayıb. Əgər atəş açılıbsa, bunu başqa adamlar edib. Bu məsələdə bütövlükdə ordunun adını çəkmək düzgün deyil. Orduya bu cür əmr verilməmişdi”, – deyə Davtyan bəyan edib.

Xaçatryanın 2008-ci ilin fevral-mart aylarında Dağlıq Qarabağdakı Ermənistan ordusu əsgərlərinin döyüş mövqelərini tərk edərək İrəvandakı məmurların şəxsi cangüdəninə çevrilməsi, onların əmlaklarını, ailə üzvlərini və siyasi məqsədlərini qorumaq üçün pulla satın alınan muzdlulara çevrilməsi və nəticədə, Qarabağda təmas xəttinin nəzarətsiz qalması ilə bağlı biabırçı açıqlamasına gəldikdə isə, baş qərargah rəisi bu faktları da təkzib edib. Onun fikrincə, cəbhədə təhlükəli vəziyyət yaranmamışdı.

“Deyilənlər əsassızdır. Heç də belə olmayıb. Həmin vaxt cəbhə bölgəsində işlər öz qaydasında davam edib və Qarabağda təmas xəttindəki itkilərimizi İrəvandakı siyasi hadisələrlə əlaqələndirmək lazım deyil”, – deyə Davtyan bildirib.

Ermənistanın hazırkı müdafiə naziri David Tonoyan da Xaçatryanın ittihamlarını dəstəkləyərək, ordunun mart qırğınında iştirakını təsdiqləyib.

“Silahlı Qüvvələr həmin hadisələrə cəlb olunmuşdu və bu, danılmaz faktdır. Ordu fövqəladə vəziyyət çərçivəsində ona verilən tapşırıqları yerinə yetirirdi. Bu zaman səlahiyyətlərini aşan hansı hərəkətlər etməsini istintaq araşdırır”, – deyə Tonoyan vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti