Rusiya və Yaponiya tezliklə sülh sazişi imzalaya bilər

Rusiya və Yaponiya tezliklə sülh sazişi imzalaya bilər
  14 Sentyabr 2018    Oxunub:3715
Yaponiya və Rusiya ən qısa müddətdə sülh müqaviləsi imzalamaq niyyətlərinə sadiqdirlər və bu məsələdə birgə çıxış edirlər.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kano Tokioda keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasında hər iki tərəf qarşılıqlı anlaşma tələb edən şərtlər irəli sürür.

“Sülh müqaviləsi Rusiya və Yaponiya üçün həllini tapmayan məsələ olduğu üçün, onun qısa zamanda imzalanması əlbəttə ki, yaxşı olardı. Amma Yaponiya tərəfi hesab edir ki, bunun üçün şimaldakı 4 adanın məxsusluğu problemi həll edilməlidir. Rusiya tərəfi isə düşünür ki, Yaponiya ilə iqtisadi əməkdaşlıq ölkənin inkişafına necə töhfə verə bilər. Zənnimcə, Yaponiya və Rusiya eyni istiqamətə baxırlar və həlli tələb olunan məsələlər üzrə qarşılıqlı anlaşmaya vararaq sülh müqaviləsini tez bir zamanda hazırlamaq istəyirlər”, – deyə yaponiyalı nazir vurğulayıb.

Qeyd edək ki, 12 sentyabrda Vladivostikdakı Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin heç bir ilkin şərt olmadan Yaponiya ilə ilin sonunadək sülh müqaviləsi imzalamağı təklif edib. Lakin bu təklifi şərh edən Yaponiya XİN bildirib ki, rəsmi Tokio yalnız ərazi mübahisəsi həll edildikdən sonra Rusiya ilə sülh müqaviləsi imzalamaq məqsədilə danışıqlar aparmaq niyyətindədir və Tokionun bu mövqeyi dəyişməzdir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Yaponiya  





Xəbər lenti