Koalisiya qüvvələrinin helikopteri qəza törədib

Koalisiya qüvvələrinin helikopteri qəza törədib
  14 Sentyabr 2018    Oxunub:4499
Yəmənin Əl-Məhra əyalətində Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus hərbi helikopter yerə çırpılıb. Qəza nəticəsində pilot və onun köməkçisi ölüblər.
AzVision.az xəbər verir ki, bu barədə ərəb koalisiyasının nümayəndəsi Türki əl-Maliki bildirib.

“Helikopter texniki nasazlıq səbəbindən qəzaya düşüb. Pilot və onun köməkçisi terrorçularla mübarizədə missiyalarını yerinə yetirərkən həlak olublar”, – deyə əl-Maliki vurğulayıb.

Qeyd edək ki, Yəmənin Oman sultanlığı ilə sərhəddindəki Əl-Məhra əyaləti son günlər Səudiyyə qoşunları ilə “Ənsar Allah” silahlı hərəkatının döyüş meydanına çevrilib.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və "Ənsar Allah" şiə husi üsyançıları ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. İran isə husiləri dəstəkləyərək onlara hərbi-maliyyə yardımı göstərir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yəmən   Səudiyyə   Husilər  





Xəbər lenti