“Ermənistan güzəştə getməyəcək!” – Paşinyan Azərbaycanı hədələdi

“Ermənistan güzəştə getməyəcək!” – Paşinyan Azərbaycanı hədələdi
  15 Sentyabr 2018    Oxunub:9858
Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmalarını istəyirlərsə, onda onlar ilk növbədə Azərbaycanı mövcud razılaşmalara əməl etdirməlidirlər.
AzVision.az xəbər verir ki, bunu Parisdə rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Fransadakı erməni diasporunun nümayəndələrilə görüşündə deyib. Növbəti dəfə Azərbaycanı ittiham edən işğalçı ölkə rəhbəri Dağlıq Qarabağ münaqişəsində Ermənistanın heç bir güzəştə getməyəcəyini bildirib. Paşinyan hətta Azərbaycanı təhdid etməkdən belə çəkinməyib.

“Əgər Bakı fikirləşirsə ki təhdidlərlə bizi güzəştə getməyə məcbur edəcək, o zaman yanılır. Azərbaycan heç cür anlamır ki, bu günkü Ermənistan əvvəlkindən fərqli olan tamam başqa - ətrafında yeni potensiala malik bütün erməniçiliyin birləşdiyi Ermənistandır. Və Azərbaycanın aqressiv davranışları Ermənistan və Qarabağa yox, erməniçiliyə qarşı yönəlmiş olacaq ki, onlar birləşmiş erməni xalqından əks-zərbə ilə üzləşəcəklər.” – deyə, Paşinyan işğalçı siyasətlərinə haqq qazandırmaqla yanaşı, dünya birliyinin gözü önündə Azərbaycan xalqını hədələyib.



Fransa prezidenti Emmanuel Makronla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdiklərini deyən Paşinyan, olduqca maraqlı ifadə işlədib. Onun sözlərindən belə aydın olub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa indiyədək münaqişənin həllinin mümükünlüyünə şübhə edib və vasitəçilik missiyasına qeyri-ciddi yanaşdığını etiraf edib. Parisin bu cür mövqeyindən istifadə edən Paşinyansa yenə də diqqəti Ermənistanın işğalçı siyasətindən yayındıraraq, rəsmi Bakını günahlandırıb:

“Makron məndən soruşdu ki, doğrudanmı münaqişənin həlli məsələsini ciddi şəkildə müzakirə etmək imkanı var? Və mən ona dedim ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından danışarkən Azərbaycan rəhbərliyi heç də səmimi deyil. Münaqişənin həlli yalnız regionda nizamlanma atmosferinin mövcudluğu şəraitində mümkündür. Amma əksinə, biz müharibə təhdidləri eşidirik və bu cür şərtlər altında nizamlanma sadəcə real deyil.”

Bununla da, Paşinyan Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq işğal altındakı torpaqlarını hərbi yolla azad etmək haqqına başqa ad verməklə Fransanı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının mümkünsüzlüyünə inandırmağa, Azərbaycanı regionda sabitliyə təhlükə kimi qələmə verməyə və mövcud status-kvonun uzadılmasına nail olmağa çalışıb.

Destruktiv bəyanatlarından sonra Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşünə də toxunub. Bildirib ki, artıq Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutub. Onun İlham Əliyevlə görüşü barədə isə hələ ki tərəflər arasında heç bir razılıq yoxdur.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan   dağlıqqarabağ   Fransa   ATƏT  





Xəbər lenti