İran nüvə sazişində qalmasının şərtlərini açıqladı

İran nüvə sazişində qalmasının şərtlərini açıqladı
  15 Sentyabr 2018    Oxunub:3264
ABŞ-ın birtərəfli qaydada çıxmasından sonra nüvə sazişinin qorunub saxlanması yönündə Tehranın şərti neft satışından gəlir əldə edilməsinin təminindən ibarətdir.
AzVision.az xəbər verir ki, bunu Almaniyanın nüfuzlu “Spiegel” həftəlik jurnalına müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Bu saziş sevgi fırıldağı deyil, məntiqli kompromis idi. Maraqlarımıza cavab verdiyi müddətcə, İran sazişə əməl etməyə hazırdır. Bizim üçün prioritet məsələ odur ki, İran bundan sonra da məqbul həcmdə neft sata və əldə olunan gəlirləri transfer edə bilsin. İran həmçinin, investisiyalar, elm və texnologiya, ticarət sahələrində də əməkdaşlığa cəhd edir, amma nüvə sazişinin effektivliyinin sübutu neft və bank sektorlarında özünü göstərəcək. Avropalılar və sazişi digər iştirakçıları ABŞ sanksiyalarının təsirini kompensasiya etmək üzərində işləməlidirlər”, – deyə Cavad Zərif vurğulayıb.

İranlı nazir onu da bildirib ki, mayda Avropa ölkələri Tehrana ciddi öhdəliklərin əks olunduğu zəmanət paketi təqdim etmişdilər. İndi həmin öhdəliklər icra olunmalıdır. Zərifin fikrincə, Avropa bunu İrana görə yox, öz suverenliyi və uzunmüddətli iqtisadi maraqlarının təmini naminə etməlidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti