ABŞ PKK-ya xüsusi köməkçi ordu göndərib

ABŞ PKK-ya xüsusi köməkçi ordu göndərib
  17 Sentyabr 2018    Oxunub:2636
ABŞ-ın Suriyada xüsusi hərbi şirkətə məxsus muzdlu qoşunlardan istifadə etdiyi və PKK/YPG kürd terrorçularına təlim keçərək onlara dəstək verdiyi üzə çıxıb.

AzVision.az “Milliyet”ə istinadən xəbər verir ki, əvvəllər İraq müharibəsində iştirak edən “Blackwater” hərbi şirkətinə bənzər “Castle International”ın sosial şəbəkələrdəki rəsmi hesablarında şirkətə məxsus ağır silahlarla təchiz edilmiş “Special Projects Group” adlı xüsusi təyinatlılarının PKK/YPG terrorçularına təlim keçməsinin fotoları yayılıb.
Qısaca CISPG adlanlanan xüsusi hərbi şirkət fotoların altında terrorçuların ünvanına dəstək mesajları da yazıb: “CISPG niyə bu müdafiə heyətlərinə (PKK/YPG - red.) güvənir? Çox sadə, çünki işlədiyinizi görürük və yanında olmağa da söz veririk.”

Xüsusi hərbi şirkət əsasən hava yolu vasitəsilə tibbi yardım və təxliyyə əməliyyatları həyata keçirdiyini bəyan edir. Lakin CISPG-in rəsmi saytında və sosial şəbəkələrdəki hesablarında ona məxsus bir sıra muzdlu hərbçinin, çoxsaylı silahların və silahlı təlimlərin şəkilləri və bu haqda məlumatlar əks olunub. Məlumatları incələyən hərbi mütəxəssislər bu şirkətin Pentaqon tərəfindən YPG-yə xidmət etmək üçün kiraləyəndiyini bildiriblər.

Araşdırmalar nəticəsində CISPG-in Afrika və Yaxın Şərqdəki digər münaqişəli bölgələrdə də Pentaqonun sifarişlərini icra etdiyi aşkarlanıb. Ən maraqlı məqam isə 3 iyunda yayılan fotolarda İraqın Türkiyə ilə sərhədə yaxın Sincar bölgəsində CISPG muzdlu əsgərlərinin PKK terrorçuları ilə birlikdə patrul həyata keçirdiyi göstərilib.

CISPG-in təsisçisi və rəhbəri isə əsl adı bilinməyən və şəkli tapılmayan “Mr.Stark” adlı biridir. Xüsusi hərbi şirkətin önəmli simalarından biri, xüsusi layihələr koordinatoru Adrian Velasko isə ABŞ hərbi donanmasında 4 ildən çox müddətdə maliyyə və loqistika mütəxəsisi olub, anti-terror kursları keçib. Velaskonun Pentaqona xüsusi giriş icazəsinin olduğu bildirilir.

Qeyd edək ki, ABŞ 1997-ci ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. YPG qruplaşması isə Suriyada İŞİD-lə mübarizədə Vaşinqtonun müttəfiqidir.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: PKK/YPG   Suriya   ABŞ  





Xəbər lenti