Azərbaycan İsraildən radioelektron müharibə vasitələri alacaq

  17 Sentyabr 2018    Oxunub : 16673
Azərbaycan İsraildən radioelektron müharibə vasitələri alacaq
İsrail Rusiyadan sonra Azərbaycanın dünya silah bazarındakı ikinci ən böyük tərəfdaşıdır. Bakı bundan sonra da İsraildən silah almağı davam etdirəcək və hətta məsələn, pilotsuz uçuş aparatları (PUA) və digər hərbi texnikanın birgə istehsalı da mümkündür.
AzVision.az xəbər verir ki, bu barədə Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Siniçın İsrailin “Detallar” analitik saytına müsahibəsində deyib.

İsrailin müdafiə naziri Aviqdor Libermanın Bakıya səfərini şərh edən ekspertə görə, İsraillə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlıq mövzusu olduqca incə bir məsələdir. Bu səbəbdən də, Libermanın Azərbaycanda apardığı danışıqların mahiyyəti barədə hansısa informasiya sızıntısı gözləməyə ehtiyac yoxdur.



Libermanın Bakıda təkcə prezident İlham Əliyevlə yox, həmçinin, Azərbaycanın müdafiə sisteminin demək olar ki, bütün rəhbərlərilə görüşlər keçirərək intensiv danışıqlar aparmasına və artıq 5 gündür Bakıda olmasına diqqət çəkən Siniçın hesab edir ki, İsraillə Azərbaycan yeni hərbi əməkdaşlıq mərhələsinə qədəm qoyurlar. Bu mənada, yaxın zamanda birgə silah istehsalına başlanılması mümkündür.

Lakin ekspertin fikrincə, Libermanın bu dəfəki səfərində İsraildən radioelektron müharibələrdə istifadə olunan ən müasir vasitələrin alınmasına dair razılıq əldə oluna bilər: “Çünki Azərbaycan əsasən son son illər ərzində əldə etdiyi hərbi texnikalar sayəsində artıq ən müxtəlif və müasir silahlara malikdir. Bunlara xüsusən də, reaktiv yaylım atəşi sistemləri, hərbi aviasiya texnikası və hava hücumundan müdafiə sistemləri daxildir. Lakin zənnimcə, indi Azərbaycan öz ordusunu təzyiq vasitələri və radielektron müharibələrdə istifadə olunan ən müasir vasitələrlə, kəşfiyat və müşahidə, rabitə avadanlıqları ilə - bir sözlə, ən yüksək texnologiyalı hərbi məhsullarla təchiz etməkdə maraqlıdır. İstənilən halda, Azərbaycanın bu istəyi məntiqlidir.”



Qeyd edək ki, radioelektron müharibə vasitələri döyüş əməliyyatlarından öncə uzaq məsafədən düşmənin istənilən ağıllı texnikasını və bütün cihazlarını, radioelektron vasitələrini, radarlarını sıradan çıxarmağa imkan verir. Onların vasitəsilə hava hücumundan mübarizə sistemlərinin çaşdırılması və yaddaş sisteminin qarışdırılması mümkündür. Həmçinin bu sistem siqnalla işləyən partlayıcıları da bloklayır, pilotsuz uçuş aparatlarını sıradan çıxarır. Bu da döyüş zamanı idarəetməni pozur və nəticə etibarı ilə döyüşən bölmələr arasında rabitə əlaqəsi itir, texnikalar heç bir işə yaramır. Radioelektron müharibə vasitələri müasir döyüşlərdə qələbə qazanmaqda böyük rola malikdir. Dünyada radioelektron müharibə vasitələrini hərbi sənayesi kifayət qədər inkişaf etmiş ölkələr istehsal edir. Lakin istehsal edən ölkələrin çoxu buradakı kodları verməyə risk etmir. Çünki o kodları verəcəyi ölkə bunu dəyişə bilər və ya öz kodlarını əlavə edə bilər. Ona görə də bu sahədə milli sistemlərin yaradılması vacibdir ki, Azərbaycan da bu istiqamətdə layihələr üzərində işləyir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Azərbaycan   İsrail