Ərdoğanın haqqında danışdığı “Lalələr” mahnısının tarixçəsi - VİDEO

Ərdoğanın haqqında danışdığı “Lalələr” mahnısının tarixçəsi - VİDEO
  18 Sentyabr 2018    Oxunub:31426
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 sentyabrda Bakıda keçirilən hərbi parad zamanı maraqlı fikirlər səsləndirib. O, bildirib ki, məşhur sənətkarların ifasında eşitdiyimiz “Lalələr” mahnısı 1918-ci ildə Azərbaycana gələn türk ordusuna həsr olunub. Mahnı Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gələn və şəhəri xilas edən türkiyəli əsgərləri vəsf edir.
Ərdoğan əlavə edib ki, Osmanlı ordusu Gəncəyə girərkən minlərlə əsgərin başlarındakı fəs və fəsin ucundakı saçaqlar laləni xatırlatdığına görə belə bir mahnı ərsəyə gəlib.



AzVision.az bəstəkarı Telman Hacıyev, sözləri isə şair Aslan Aslanov olan mahnının tarixçəsi ilə maraqlanıb.

“Lalələr” in məşhur ifaçılarından biri Rəşid Behbudov olub. Onun adını daşıyan fondun rəhbəri Kamil Şahverdiyev Ərdoğanın sözlərinin həqiqətə uyğun olduğunu bildirib. O, vurğulayıb ki, bu mahnı ərsəyə gəlməzdən öncə el havası formasında insanlar tərəfindən ifa olunurmuş.

“Bu mahnının çox qəribə tarixçəsi var. Doğrudur, tarix tam tədqiq olunmayıb. Amma həqiqətə uyğunluq çoxdur. Türk ordusu Azərbaycana gələndə onlara insanlar tərəfindən el mahnısı həsr olunub. Sonradan Aslan Aslanov bir qədər düzəliş edib və bu mahnını ərsəyə gətirib. Uzun müddət hamı bunu Gəncəyə, gülə -çiçəyə həsr olunmuş mahnı kimi tanıyıb. Çünki SSRİ zamanında heç kim açıb deyə bilmirdi. Mahnının son misrasında Bakı sözü dəyişdirilib, "Nə vaxtdır Rəşidin gözü yoldadır" formasında oxunub. Sovet vaxtı axı bunu kim dilinə gətirə bilərdi?! Mən Gəncənin yaşlı adamları ilə də söhbətləşmişəm. Onlar bildirdilər ki, belə xalq mahnısı olub. Çox məşhur mahnı imiş. Rəşid Behbudov da bu barədə məlumatlı olub”, - deyə K.Şahverdiyev vurğulayıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan   Lalələr   Mahnı  





Xəbər lenti