Fidan ölkəmizi təmsil edəcək - Adı "Qırmızı kitab"a düşüb

  18 Sentyabr 2018    Oxunub : 10875
Fidan ölkəmizi təmsil edəcək - Adı "Qırmızı kitab"a düşüb
İctimai Televiziya və Radio Yayımları Şirkətində "Uşaq Avroviziya - 2018" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda İctimai Televiza və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, Televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva və "Uşaq Avroviziya- 2018" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı iştirak edib.



Noyabrın 25-də Azərbaycanı Minsk şəhərində keçiriləcək müsabiqədə təmsil edəcək ifaçı Fidan Hüseynovadır. O, 2005- ci ildə anadan olub, hazırda Bakıda Oksford məktəbinin 6-cı sinif şagirdidir. F. Quliyeva həmçinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır. O, 2017- ci ilin mart ayında İtaliyanın Testene Art Baku Beynəlxalq incəsənət festivalında iştirak edərək 9- 12 yaşlı uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. Fransalı müğənni Lara Fabianın Bakı konsertində müğənninin dəvəti ilə səhnəyə çıxaraq onunla "Je suis malade" adlı mahnını, İstanbul konsertində isə "Je t,aime" mahnısını duet şəklində ifa edib. Bundan başqa F. Hüseynovanın Azərbaycanın Avroviziya mahnı müsabiqəsindəki ilk təmsilçisi Elnur Hüdeynovla dueti lentə alınıb.



O, həmçinin "Sanremo Junior 2018" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb, dəfələrlə rəsm müsabiqələrində uğurlar qazanıb. Eyni zamanda ötən il ölkə üzrə həmyaşıdları arasında keçirilən şahmat yarışında birincilik əldə edib. 2016- cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın gənc istedadlılarının "Qırmızı kitab"ına salınıb və o, Prezident təqaüdünə layiq görülüb. İfaçının mahnısı hələlik məlum deyil, yaxın zamanlarda bununla bağlı məlumat veriləcək.



Qeyd edək ki, 25 noyabr 2018-ci ildə Belarusun paytaxtı Minskdə "Uşaq Avroviziya – 2018" mahnı müsabiqəsində 19 ölkənin təmsilçisi birincilik uğrunda mübarizə aparacaq. Bunlar Azərbaycan da daxil olmaqla Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa , İrlandiya, Serbiya, Rusiya və digər ölkələrdir. Yarışma Minsk Arenada baş tutacaq.






Şəhanə Rəhimli
Foto: Elvin Abdulla
AzVision.az

Teqlər: İTV   Avroviziya