Beynəlxalq təşkilat Ermənistan rəhbərliyini sərt tənqid etdi

  19 Sentyabr 2018    Oxunub : 1741
Beynəlxalq təşkilat Ermənistan rəhbərliyini sərt tənqid etdi
“Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiəsi təşkilatı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən “Yerevan Today” xəbər portalının redaksiyasına edilən basqını və orada axtarış aparılmasını sərt şəkildə qınayaraq bu addımı ciddi tənqid edib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, “Sərhədsiz reportyorlar” Ermənistan güc strukturlarının davranışının jurnalistlərin mənbələrinin məxfiliyinə dair qanunları pozduğunu bəyan edib.

““Yerevan Today”in redaksiyasında axtarış və oradakı avadanlıqların ofisdən çıxarılması jurnalistlərin mənbələrinin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır. Halbuki, bu prinsipə əməl olunmasına Ermənistan qanunvericiliyi və insan hüquqlarının qorunması üzrə Avropa Məhkəməsi zəmanət verir. Təəssüf edirik ki, Ermənistan polisi qanunu məqsədlərə nail olmaq yolunda daha adekvat üsul tapa bilmədi”, – deyə “Sərhədsiz reportyorlar”ın Şərqi Avropa və Məkəzi Asiya şöbəsinin rəhbəri Yohan Bixr bəyan edib.

Təşkilatdan bildirilib ki, hüquq-mühafizə orqanlarının bu cür hərəkətləri Ermənistanda söz azadlığının boğulması, jurnalistlərin və alternativ fikir sahiblərinin təqib edilməsi, həmçinin, əhalinin informasiyaya çıxışının bloklandığının bariz sübutudur.

Qeyd edək ki, bu günlərdə Ermənistanın İstintaq Komitəsi və 6-cı polis idarəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar “Yerevan Today”in redaksiyasına basqın edəərk axtarış əməliyyatı keçiriblər. Ermənistanın hüquq-mühafizə orqanları “Yerevan Today”in həmin səs yazısını digər KİV-lərdən 2 gün öncə, yəni ilk olaraq yayımladığını iddia ediblər. Lakin saytın rəhbərliyi bu ittihamın yalan olduğunu deyib və xəbərin başqa medialarla eyni zamanda yerləşdirildiyini bildirib.

Səs yazısı ilə bağlı Ermənistanın nüfuzlu “Qraparak” qəzeti də analoji ittihamla üzləşib. Hazırda demək olar ki, Ermənistanda bütün alternativ istiqamətli KİV-lər güc strukturlarının nəzarəti altındadır.

Xatırladaq ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb, Ermənistanın Xüsusi İstintaq Komitəsi isə istintaq aparır.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   KİV