“Paşinyanın sonu yaxşı olmayacaq” - Koçaryan Uqo Çavesi misal çəkdi

“Paşinyanın sonu yaxşı olmayacaq” - Koçaryan Uqo Çavesi misal çəkdi
  19 Sentyabr 2018    Oxunub:4715
"Ermənistanda 2008-ci iilin mart etirazları nəticəsində həyatını itirənlərə görə məsuliyyət ilk növbədə seçkiqabağı vəziyyəti radikallaşdıran qüvvələrin üzərinə düşür. Məhz cəmiyyəti radikallığa çağıranlar üzündən proseslər daxili münaqişə ilə nəticələndi"
AzVision.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, 2008-ci ilin 1 mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan “Kommersant”a müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin vaxt Ermənistandakı müxalif qüvvələr, yəni birinci prezident Levon Ter-Petrosyan və onun sağ əli olan Nikol Paşinyan ölkədəki vəziyətin radikallaşmasına və vətəndaş müharibəsi riskinin yaranmasına səbəb olublar.

“Etiraz aksiyalarında 10 nəfərin ölümünə görə məsuliyyət ilk növbədə cəmiyyəti kütləvi iğtişaşlara təhrik edənlərin üzərinə düşür. Əlbəttə ki, mövcud vəziyyətdə müxalifətlə yanaşı iqtidar da var idi və müəyyən dərəcədə bu məsuliyyət bölünür. Bəlkə də kimlərsə həmin münaqişənin qarşısının alınması üçün nələrsə edə bilərdi. Çünki həmin vəziyyətdə hər şey daha da pis ola bilərdi. Əlbəttə, bu, faciə idi və Allah eləməsin ki, bu cür hadisə bir daha təkrarlansın. Baxın görün indi nələr baş verir. Yenə də cəmiyyəti qara və ağlara ayırırlar”, - deyə Koçaryan vurğulayıb.

Sabiq prezident əlavə edib ki, baş nazir Nikol Paşinyanın hökuməti 4 aydır ki hakimiyyətdə olmasına baxmayaraq, heç bir işin öhdəsindən gələ bilməyib. Onun fikrincə, 4 ay iqtidarın nəyə qadir olduğunu, sistemli iş aparmağı bacarması və hansı dəyərlərə söykəndiyini aydınlaşdırmaq üçün kifayət qədər böyük vaxtdır.

“Lakin bu müddət ərzində mən anladım ki, Ermənistanın yeni hakimiyyəti xaotikdir və iqtisadiyyatdan başı çıxmır, konkret və aydın fəaliyyət proqramı yoxdur. Hökumətin tərkibi isə olduqca eklektikdir (qarışıq – red.), onların aydın geosiyasi prioritetləri yoxdur. İndi hakimiyyətdə kifayət qədər “parlaq” lider (Paşinyan) var, lakin onun populizm cəhdlərinin idarəolunmazlığı ciddi narahatlıq doğurur. Bu mənə Uqo Çaves stilində Latın Amerikası populizmini xatırladır. Əgər diqqətlə baxıb analogiya aparsaq görərik ki, onların populizmi bir-birinə çox bənzəyir”.

Lakin Koçaryanın fikrincə, populizmlə hakimiyyətə gələnlərin sonu heç də yaxşı olmur: “Əlbəttə ki, insanlar əvvəlki hakimiyyətdən yorulmuşdu. Düşünürəm ki, Paşinyan əhalidəki etiraz əhvalını hiss edərək vaxtında onlara başçılıq etdi və bu da hakimiyyətin dəyişməsilə nəticələndi. Çünki əks təqdirdə, çətin ki, bu cür kütləvi hərəkat baş tutardı. Amma bilirsiniz, populizmlə hakimiyyətə gəlmək olar – müasir tarixdə bu cür nümunələr çoxdur. Lakin belə vəziyyətdə hakimiyyətə gəlmək asan olsa da, ondan getmək daha çətindir. Çünki böyük vədlər üzərinə qurulmuş populizmlə hakimiyyətə gəlmisənsə, ləyaqətlə və real nəticələrlə də getməlisən. Amma görünür ki, Paşinyan ölkənin uzunmüddətli maraqlarına köklənən, iqtisadiyyatdan başı çıxan, bilik, bacarıq və iarəçilik təcrübəsinə malik lider - günəş yox, hansısa mitinq və yığıncaqlarda qısamüddətli effektə nail olmağa çalışan çox sürətlə alovlanan meteor, ya da kometdir.”

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti