Nəvaz Şərif və qızı həbsdən azad edildi

Nəvaz Şərif və qızı həbsdən azad edildi
  19 Sentyabr 2018    Oxunub:2856
Nəvaz Şərif və qızı Məryəm barəsində aşağı instansiya məhkəməsinin çıxardığı həbs qərarının müvəqqəti dayandırılmasına dair hökm verilib. Şərifin tərəfdarları onların həbsdən azad edilməsi münasibətlə Pakistan küçələrində bayram ediblər.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, İslamabad Ali Məhkəməsinin hökmü ilə Şərif və qızının korrupsiya yolu ilə Londonda lüks mənzillər əldə etdiklərinə dair onlara qarşı çıxarılan 10 və 7 illik azadlıqdan məhrumetmə cəzasının qüvvəsi dayandırılıb. Bu münasibətlə Pakistanın sabiq xarici işlər naziri Xavaja Asif də Şərifi təbrik edərək, ədalətin bərqərar olduğunu bildirib.

Lakin İslamabad Ali Məhkəməsində Şərif və ailəsinə qarşı açılan cinayət işləri üzrə apelyasiya müraciətlərinə baxış hələ də davam edir. Bununla belə, hakim işlərin davam etməsinə rəğmən Şərif və qızını sərbəst buraxmaq qərarına gəlib.

Qeyd edək ki, 3 dəfə baş nazir seçilən 68 yaşlı Nəvaz Şərif Pakistanın ən məşhur siyasətçilərindəndir. O, 2017-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən korrupsiyada ittiham edilərək baş nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Belə ki, məşhur “Panama kağızları” qalmaqalında Şərifin və onun 3 övladının adı çəkilib. Ona qarşı mənbəyi bilinməyən pul əldə edərək həmin vəsaitlərlə investisiya qoymaq və ölkə xaricində əmlak almaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və korrupsiya ilə bağlı 3 cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə həmin işlərdən biri – xaricdə əmlak almaqla bağlı Şərifə 10 il həbs və 8 milyon sterlinq cərimə, qızı Məryəmə isə 7 il həbs və 2 milyon sterlinq cərimə cəzası verilib. Qərarın elan olunduğu vaxt Britaniyada olan Nəvaz Şərif rəsmi İslamabada müraciət edərək, həyat yoldaşının xəstəliyinə görə Londonda olduğunu bildirib və bunun üçün məhkəmənin təxirə salınmasını istəyib. Lakin onun bu istəyi nəzərə alınmayıb. Digər 2 cinayət işi üzrə isə məhkəmə daha sonra qərar çıxaracaq. Şərif bu işdə övladlarının heç bir günahının olmadığını bildirib.

Xatırladaq ki, Şərif qızı Məryəmlə birlikdə iyulda Londondan qayıdarkən Pakistanın Lahor hava limanında onu qarşılamağa gələn əhaliyə salam verməyə macal tapmadan hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Pakistan   London  





Xəbər lenti