Gürcüstan Ermənistanın xeyrinə qərar verdi

  20 Sentyabr 2018    Oxunub : 2028
Gürcüstan Ermənistanın xeyrinə qərar verdi
Rəsmi Tbilisi Gürcüstandan avtomobil nəqliyyatı vasitəsilə buğda, yaxud buğda və çovdar ununun idxalı və ya bu məhsulların Gürcüstandan ixracının qadağan edilməsilə bağlı qərarının qüvvəyə minməsini ilin sonunadək təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri İvane Maçavariani qərar qəbul edib. Sənədə əsasən 2018-ci ilin sonunadək avtomobil nəqliyyatı ilə Gürcüstana buğda və çovdar ununun idxal-ixracının həyata keçirilməsinə icazə veriləcək. Bu müddətdə isə Gürcüstan hökuməti avtomobil nəqliyyatı vasitəsilə taxıl məhsullarının daşınması ilə bağlı qadağada dəyişikliklər edəcək.

Qeyd edək ki, 28 oktyabrda Gürcüstanda keçiriləcək prezident seçkiləri ərəfəsində paytaxt Tbilisidə yük maşını sürücüləri kütləvi etiraz aksiyası keçiriblər.

Xatırladaq ki, avtomobil nəqliyyatı vasitəsilə Gürcüstana buğda və çovdar ununun idxal-ixracının qadağan edilməsinə dair qərar 28 avqustda Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin sərəncamı ilə verilib və sentyabrın 15-dən qüvvəyə minməli idi. Qadağaya səbəb Rusiya-Gürcüstan sərhəddindəki, xüsusən də, Lars keçid məntəqəsindəki uzun avtomobil tıxaclarıdır. Sərəncama əsasən, taxıl məhsullarının idxal və ixracı bundan sonra yalnız dəmiryolu və dəniz nəqliyyatı – Poti limanı vasitəsilə həyata keçiriləcək.

Bundan əvvəl müvafiq qadağa oktyabrın 1-dək təxirə salınmışdı. Gürcüstanın bu qərarı dənizə çıxışı olmayan və dəmiryolu nəqliyyatının demək olar ki, inkişaf etmədiyi Ermənistanda ciddi narahatlıq yaradıb. Çünki Ermənistan yalnız Gürcüstan vasitəsilə, özü də məhz Şimali Osetiyadakı Yuxarı Lars avtomobil gömrük-keçid məntəqəsi vasitəsilə əsas tədarükçüsü olan Rusiyadan taxıl və başqa məhsullar idxal edir. Həyəcan təbili çalan erməni ekspertlər Gürcüstanın qoyduğu qadağa nəticəsində Ermənistanda bahalaşma və inflyasının artacağını, taxıl idxalı sahəsində inhisarçılığın yaranacağını, Ermənistanın iqtisadi-ticari blokadasının daha da güclənəcəyini bildirirlər. Bu səbəbdən də, İrəvan Tbilisi ilə danışıqlar apararaq ən azı Poti ilə dəniz daşımalarında erməni sahibkarlar üçün tariflərin azaldılmasına nail olmağa çalışır.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Gürcüstan   Ermənistan   Rusiya