KTMT sərhəddəki gərginliyə reaksiya verdi

  20 Sentyabr 2018    Oxunub : 1792
KTMT sərhəddəki gərginliyə reaksiya verdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhəddində yaranmış gərgin vəziyyətin sülh yolu ilə həllinə ümid edir.

AzVision.az xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının rəisi, rusiyalı general-polkovnik Anatoli Sidorov "Rossiya Seqodnya” agentliyinin hazırladığı telekörpüdə çıxışı zamanı Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin gərginləşməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bununla bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət edilməyib. Tərəflər özləri vəziyyətə nəzarət edirlər və ümid edirik ki, gərginlik sülh yolu ilə həll olunacaq”, – deyə Sidorov bəyan edib. Rusiyalı general onu da vurğulayıb ki, Cənubi Qafqazda böyük münaqişə potensialı qalmaqda davam edir.

KTMT-nin mətbuat katibi Vladimir Zeynetdinov isə bu günlərdə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın sərhəddəki vəziyyətlə bağlı İrəvanın ATƏT-in Minsk qrupu həmsədrlərini və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini məlumatlandırdığı, KTMT-yə isə heç bir müraciət ünvanlamadığına dair bəyanatını xatırladaraq deyib:

“Düşünürəm ki, bu bəyanatla hər şey deyilib və bununla da, məsələ həllini tapıb”. Zeynetdinov bununla da, Ermənistanın işğalçı siyasəti və təxribatları səbəbindən təmas xətti və sərhəd ərazilərdə yaranan gərginliyə KTMT-nin müdaxilə səlahiyyətinin olmadığına diqqət çəkib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: