Gələn il qəbul imtahanlarının maksimal balı açıqlanıb

  21 Sentyabr 2018    Oxunub : 7663
Gələn il qəbul imtahanlarının maksimal balı açıqlanıb
"Gələn il də ali məktəblərə qəbul üçün maksimum bal 700 olacaq. Lakin abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər"

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM rəhbəri qeyd edib ki, balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə 700 olur. "Yeni model ictimaiyyətə bir il əvvəl təqdim olunub. Məlumdur ki, qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn ildən isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tətbiq olunan kurikulum sistemindən irəli gəlir".

M.Abbaszadə qeyd edib ki, yeni model imtahanda sualların təqdim olunma formatı dəyişdiriləcək, daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq.

"Keçən ilin yazında bu modelə uyğun sınaq imtahan keçirdik. İmtahan 10-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Oktyabrın sonu noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı keçirməyi planlaşdırırıq".

Aytən Zəhra
AzVision.az

Teqlər: DİM