Çin ABŞ-dan qorxmur - Sanksiyalara cavab gəldi

  21 Sentyabr 2018    Oxunub : 2666
Çin ABŞ-dan qorxmur - Sanksiyalara cavab gəldi
Çin Rusiya ilə hərbi əməkdaşlığına görə ABŞ-ın sanksiyaları ilə üzləşməsini kəskin şəkildə tənqid edərək, Vaşinqtonun bu addımının beynəlxalq normalara zidd olduğunu bildirib.

AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan bəyan edib.
“Çin tərəfi ABŞ-ın müvafiq sanksiyaları ilə bağlı hədsiz qəzəbini ifadə edir. ABŞ tərəfinin bu davranışları beynəlxalq münasibətlərin əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır. Etdiyi səhvlərini və sanksiyaları dərhal aradan qaldırması üçün ABŞ-a xəbərdarlıq edirik. Əks təqdirdə, ABŞ bu davranışının nəticələrinə görə cavab verəcək”, – deyə ÇİN XİN-in rəsmisi bildirib.

O, əlavə edib ki, ABŞ sanksiyalarına rəğmən Çin Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək və hətta iki ölkə arasındakı strateji əməkdaşlıq yeni səviyyəyə qaldırılacaq. Şuan həmçinin vurğulayıb ki, baş verənlər Çinin və ABŞ-ın Silahlı Qüvvələri arasındakı hərbi münasibətləri sarsıdır.

Qeyd edək ki, ötən gün ABŞ-ın Maliyyə Nazirliyi Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Hazırlığı və Təchizat Departamentinə, o cümlədən departamentin rəhbəri Li Şanfuya qarşı sanksiyalar tətbiq edib. Səbəb isə “Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında” (CAATSA ) qanuna uyğun olaraq Rusiyaya qarşı sanksiyaların qüvvəyə minməsindən sonra Çinin Rusiyadan 10 ədəd “Su-35” qırıcısı və “S-400” raketdən müdafiə sistemləri almasıdır.

Ağ Evdən bildiriblər ki, yeni sanksiyalar Çin və Rusiyanın müdafiə qabiliyyətinin sarsıdılmasına yox, Moskvaya təzyiq göstərməklə “pis niyyətli fəaliyyətinə” görə onu cəzalandırmağa yönəlib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Çin   ABŞ   Rusiya