Ruhani Trampla görüşməyi xahiş etməyib - İran XİN

  21 Sentyabr 2018    Oxunub : 2388
Ruhani Trampla görüşməyi xahiş etməyib - İran XİN
Rəsmi Tehran BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə ABŞ prezidenti Donald Trampın görüşünün təşkil edilməsi üçün Ağ Evə müraciət etməyib.
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi açıqlama verərək, Vaşinqtonun öncəki bəyanatını təkzib edib.

“Bir daha vurğulayıram ki, İran tərəfi cənab Trampla görüş üçün heç vaxt müraciət etməyib”, - deyə İran XİN-in rəsmisi bəyan edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Tehranın Ruhani və Tramp görüşünün təşkilini istədiyini bildirmişdi.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

19 sentyabrda ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk Vaşinqtonun Tehranla nüvə proqramı və ballistik raketlər məsələsini də əhatə edəcək yeni saziş imzalayacaqlarına ümid etdiyini bildirib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: İran   ABŞ   BMT