Kiyevlə Moskvanın dostluğu rəsmən ləğv edildi

  21 Sentyabr 2018    Oxunub : 2499
Kiyevlə Moskvanın dostluğu rəsmən ləğv edildi
Bu gün Ukrayna Rusiya ilə aralarında imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”dən rəsmən çıxaraq, bu qərarı ilə bağlı Moskvaya nota göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin keçirdiyi brifinqdə bəyan edib.

“Bu gün biz müvafiq notanı Rusiyaya təqdim etdik”, – deyə Klimkin bildirib. Bununla da, Rusiya ilə Ukrayna arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinə son qoyulub.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Pyotr Poroşenkonun 17 sentyabr tarixli fərmanı - KiyevMoskva arasındakı dostluq müqaviləsinin ləğvi barədə Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının qərarının icrasının təmin edilməsi barədə əmri qüvvəyə minib.

1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə” ilə Ukrayna və Rusiya arasında qarşılıqlı hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurulub. Əgər tərəflərdən heç biri etiraz etmirsə, müqavilənin uzadılma müddəti əvvəlki prolonqasiyadan başlayaraq 10 ildir.

Rəsmi Kiyev Rusiyanı Krımın işğalında və Ukraynanın şərqindəki separatçılara silahlı və maliyyə yardımı göstərməkdə ittiham edir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ukrayna   Rusiya