Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək? - Açıqlama

Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək? - Açıqlama
  25 Sentyabr 2018    Oxunub:9156
Bakı İslam Universitetinin I kurs tələbələri Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universitetinin boş qalan plan yerlərinə köçürüləcək.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.
DİM rəsmisi bildirib ki, ötən gündən başlayaraq tələbələlərlə görüşlər keçirilir: “Bakı İslam Universitetində “Dinşunaslıq” və “İslamşunaslıq” ixtisasları üzrə qəbul aparılırdı. Təklif olunan ali təhsil müəssisələrində isə bu ixtisaslar yoxdur. Tələbələrin ballarına uyğun boş qalan ixtisaslar üzrə yerləşdirilmə həyata keçiriləcək. Yerləşdirmə bitdikdən sonra tələbələr təhsil alacaqları ixtisaslar üzrə təhsil haqqını ödəyəcəklər. Yəni, onlar Bakı İslam Universitetinə ödənilən ödənişi geri götürüb, yenidən oxuyacaqları ixtisas üzrə təhsil haqqı verəcəklər”.

X.Xanlarzadə tələbələrlə görüşün və onların yerləşdirilməsinin bu gün başa çatacağını bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi təsisçisi olduğu Bakı İslam Universitetinə qəbulun dayandırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Universitetin I kurs tələbələri digər ali təhsil müəssisələrinə köçürülür.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Universitet   Tələbə  





Xəbər lenti