İrana neft ixracı və nüvə sazişi ilə bağlı zəmanət verildi

İrana neft ixracı və nüvə sazişi ilə bağlı zəmanət verildi
  25 Sentyabr 2018    Oxunub:2339
8 mayda ABŞ-ın birtərəfli qaydada İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planından çıxması və Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra, nəhayət, nüvə sazişinin digər iştirakçıları – Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa Tehrana praktiki zəmanət təqdim ediblər.
AzVision.az “Euronews”a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

Görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də iştirak ediblər.

Görüşün nəticəsi barədə açıqlama verən Mogerini bildirib ki, nüvə sazişinin digər iştirakçıları razılaşmada göstərilən öhdəliklərinin tam və effektiv icrasını davam etdirəcəklərini təsdiqləyiblər.

“Hərtərəfli müştərək fəaliyyət planı nüvə silahının yayılmaması üzrə beynəlxalq rejimin mühüm elementidir və iştirakçı ölkələr İranın sazişdə nəzərdə tutulan öhdəliklərinə tam şəkildə əməl etdiyini təsdiqləyirlər. “Beşlik” ölkələri Arak reaktorunun modernləşdirilməsini və Fordo obyektinin yenidən konversiyasını dəstəkləməyə davam edəcəklər. Sazişin iştirakçı dövlətləri həmçinin, İranla biznes aparan şirkətlərinin müstəqilliyinin qorunması üçün tədbirlər görülməsinin vacibliyini vurğuladılar”, – deyə Mogerini bildirib.

Aİ nümayəndəsi əlavə edib ki, Tehranla maliyyə əməliyyatları aparmaq üçün formalaşdırılacaq yeni mexanizm İranda qanuni biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirməsi yönündə önəmli qərardır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Nüvə   Avropa   Rusiya   Çin  





Xəbər lenti