ABŞ Tayvana hərbi texnika satır - Çindən etiraz

ABŞ Tayvana hərbi texnika satır - Çindən etiraz
  25 Sentyabr 2018    Oxunub:2525
Çin ABŞ-ın Tayvana silah və hərbi texnika satışına qəti etirazını bildirir.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan bəyan edib.

“Biz ABŞ-ın Tayvana silah vermək niyyətlərinə qarşı ciddi narazılığımızı və qəti etirazımızı ifadə edirik. Vaşinqtonun bu davranışları Çin Xalq Respublikasının suverenliyini və milli təhlükəsizlik maraqlarını təhdid edir. Tayvan Çin ərazisinin ayrılmaz tərkib hissəsidir. Amerika tərəfini birlikdə imzaladığımız 3 kommünikenin prinsiplərinə uyğun şəkildə davranmağa çağırırıq. Çin-Amerika əlaqələrinə, Tayvan boğazında sülh və sabitliyə ciddi zərər yetirilməsindən qaçmaq üçün ABŞ Tayvana silah vermək planlarından dərhal imtina etməli və onunla hərbi əlaqələri kəsməlidir”, – deyə Çin XİN-in rəsmisi Vaşinqtona xəbərdarlıq edib.

Qeyd edək ki, ötən gün Vaşinqton Tayvana ABŞ istehsalı olan F-16 və F-5 qırıcıları, S-130 nəqliyyat təyyarələri, həmçinin, Tayvanın öz istehsalı olan “Tsinqo” qırıcıları üçün ehtiyat hissələrinin satışı barədə qərar verib. ABŞ-la imzalanan 330 milyon dollarlıq sazişə əsasən, Tayvan müxtəlif hərbi avadanlıqlar və ehtiyat hissələri əldə edəcək.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Tsedunun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Komintana qalib gəlib və Çin Xalq Respublikasını elan ediblər. Məğlub olan Çan Kayşi partiyası Tayvanda yeni hökümət qurub. Bundan sonra tərəflər arasında əlaqələr kəsilib. Tayvan Çindən ayrıldığını elan etsə də, Pekin onu həmişə öz ərazisi hesab edib və bunu sübut etmək üçün güc tətbiqinə hazır olduğunu gizlətmir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Tayvan   ABŞ   Çin  





Xəbər lenti