Rusiya Ukraynanın şərtini qəbul edir

  25 Sentyabr 2018    Oxunub : 1614
Rusiya Ukraynanın şərtini qəbul edir
Ukrayna və Rusiya hökuməti Donbass münaqişə zonasında BMT sülhməramlı missiyasının tətbiqi məsələsi üzrə kompromisə yaxındırlar.
AzVision.az xəbər verir ki, bu barədə Minskdə üçtərəfli əlaqə qrupunun təhlükəsizlik məsələləri üzrə alt qrupunda Ukraynanın nümayəndəsi Yevgeni Marçuk bildirib.

“Ukrayna şərt qoyub ki, sülhməramlı kontingentində konkret olaraq kimlər iştirak edə bilməz. Bu məsələdə əvvəlcədən kompromis əldə olunub. Rusiya sülhməramlı missiyasında NATO qüvvələrinin olmasını istəmir. Biz (Ukrayna) isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin silahlı qüvvələrini istəmirik”, – deyə Marçuk bildirib.

O, vurğulayıb ki, KiyevMoskva arasında əldə olunan kompromis müvəqqəti xarakter daşıyır.

Marçukun sözlərinə görə, əgər BMT Baş Assambleyasının bu dəfəki sessiyasında məsələ ilə bağlı qətnamə qəbul edilərsə, 10 aydan tez olmayaraq Donbassda BMT sülhməramlıları yerləşdiriləcək.

Xatırladaq ki, 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ATƏT nümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib. Rəsmi Kiyev isə təkid edir ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ukrayna   Donbass   Rusiya   BMT