29 ölkənin ən yeni silah və texnikaları Bakıda - VİDEOREPORTAJ

  25 Sentyabr 2018    Oxunub : 7192
29 ölkənin ən yeni silah və texnikaları Bakıda - VİDEOREPORTAJ
Bakıda 29 ölkənin 224 şirkətini bir araya gətirən “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi öz işinə başlayıb. Bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.
Azərbaycan Prezidenti İlham Əliyev sərgi iştirakçılarına məktubla müraciət edib. Məktubu Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov oxuyub.

Prezident məktubunda vurğulayıb ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrin maddi texniki təchizatının gücləndirilməsinə xüsusi önəm verir.



Açılış mərasimində çıxış edən müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, nazirliyin istehsal etdiyi silahlar Azərbaycan Ordusu ilə yanaşı bir sıra xarici ölkələrin ordularının silahlanmasına daxil edilib

Sərgidə ilk dəfə Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını nümayiş olunub. Müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə hazırlanan minaya davamlı “Tufan” ilk milli zirehli nəqliyyat vasitəsidir.

Bundan başqa sərgidə Azərbaycan istehsalı olan bir sıra silahlar təqdim olunub. Nümayiş olunan yeni silahlardan biri mərmi atan snayperdir. 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdır. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Həmçinin 2 kilometri dəqiq vura bilir. Yaxın vaxtlarda sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində istifadəyə veriləcək.

Sərgidə yeni istehsalına başlanılan "QFAB-250 LG" adlı aviasiya bombası da nümayişə çıxarılıb. Bombanın çəkisi 250 kiloqramdır. Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 min metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə verir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm-dir. Türkiyənin "Aselsan" şirkəti ilə müştərək hazırlanan bomba sınaqdan sonra istifadəyə veriləcək.

Ümumilikdə sərgiyə beynəlxalq səviyyədə maraq olduqda böyükdür. Belə ki, "ADEX 2018"də Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) şirkətlə təmsil olunur. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edir.

Qeyd edək ki, sərgi sentyabrın 27-dək davam edəcək.

Hazırladı: Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az

Teqlər: ADEX-2018   Sərgi   Silah   Texnika