İrəvandan Qarabağ danışıqları öncəsi destruktiv mövqe

İrəvandan Qarabağ danışıqları öncəsi destruktiv mövqe
  26 Sentyabr 2018    Oxunub:2612
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivlərini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu gün həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulan Mnatsakanyan danışıqlardan öncə destruktiv mövqe sərgiləyib.

Erməni nazir Azərbaycan-Ermənistan sərhəddində və qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə görə məsuliyyəti rəsmi Bakının üzərinə atıb. Son günlərdəki qarşıdurmada erməni əsgərlərin öldüyünü deyən Mnatsakanayan Azərbaycanın işğal altındakı torpaqlarında Ermənistan silahlı qüvvələrinin qanunsuz yerləşdirilməsi və cəbhədə törətdikləri təxribatlardan, həmçinin, danışıqların əsl mahiyyətindən yayınaraq həmsədrlərin diqqətini yenə də yalnız atəşkəsin pozulmasına yönəldib.

Münaqişənin həllini tapmamasında Azərbaycanı günahlandırdıqdan sonra isə həmişəki qeyri-səmimi sülh mesajını verib. Mnatsakanyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasına sadiq olduğunu bildirib. Qeyd edib ki, sülhün əldə olunmasına gətirib çıxaracaq atmosferin yaradılması və vəziyyətin gərginləşməsinə istiqamətlənən addımların atılmasından çəkinmək vacibdir.

Qeyd edək ki, bu gün Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Mnatsakanyanla görüşü keçiriləcək.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti