“Üzümə gülüb, ayağımın altını qazırlar” - Firdovsi Umudov

“Üzümə gülüb, ayağımın altını qazırlar” - Firdovsi Umudov
  26 Sentyabr 2018    Oxunub:9239
“Üzümə gülüb, arxada ayağımın altını qazan insanlar çoxdur. Görünür, Elçin adlı həmin şəxs də onların diktəsi ilə belə açıqlama verib”

Bunu AzVision.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) baş məşqçisi Firdovsi Umudov Elçin Mürşüdov adlı şəxsin onunla bağlı səsləndirdiyi rüşvət ittihamlarına münasibət bildirərkən deyib.
Baş məşqçi belə bir şəxsi tanımadığını, onunla heç vaxt görüşmədiyini bildirib: “Mən həmin adamı tanımıram, görünür kimlərsə onu öyrədir. Niyə məni hədəfə aldıqlarını bilmirəm. Bu, sadəcə quramadır. Bu gün xarici dövlətlərdə oturub dövlətimiz haqqında necə böhtan yayırlarsa, bu da onun kimi bir şeydir. Mən mütəxəssis, peşəkar məşqçiyəm. Aidiyyatı olmayan işlərlə məşğul olmuram. Qaydasız döyüşün bizim federasiyaya dəxli yoxdur. Bu adam ölkə çempionu olmayıb, ölkə birinciliyində heç bir nəticəsi yoxdur. Bütün bunlar onun yalanını ifşa edir. Yaxşı atalar sözü var: “İt hürər, karavan keçər”. Boş- boşuna danışırlar”.

F. Umudov qeyd edib ki, qarşıda onu yarışlara hazırlıqlar gözləyir və bu cür böhtanlara əhəmiyyət vermir: “Belə böhtanlar olub, olacaq da. Məşq proseslərini buraxıb onun arxasınca düşə bilmərəm. Bunu özümə sığışdırmıram. Yaxın günlərdə bütün məsələlərə aydınlıq gətiriləcək. Bunu yayan internet televiziyası cəzalandırılacaq. Qarşı tərəfin mövqeyini öyrənmədən, qərəzli şəkildə videonu yayıb, sonra da siliblər. Adama deyərlər, böhtan deyilsə, niyə silmisən? Bəli, müəyən qüvvələr var ki, federasiyanı, Firdovsi Umudovun nəticələrini gözləri götürmür. Belə insanlar çoxdur, üzümə gülüb ayağımın altını qazırlar”.

Qeyd edək ki, özünü Elçin Mürşüdov kimi təqdim edən şəxsin videoçıxışı yayılıb. O, çıxışında öncə sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib. Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Firdovsi-Umudov  





Xəbər lenti