Ermənistan XİN Paşinyanı rəsmən yalançı çıxardı

Ermənistan XİN Paşinyanı rəsmən yalançı çıxardı
  26 Sentyabr 2018    Oxunub:4443
"Ermənistan ərazisində xarici, xüsusən də, Amerika laboratoriyaları yoxdur"
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün keçirdiyi brifinqdə açıqlama verib. Onun sözlərinə görə, Ermənistanda ABŞ laboratoriyalarının mövcudluğu ilə bağlı son zamanlar KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Son zamanlar KİV-lər rusiyalı mütəxəssislərin Ermənistandakı ABŞ laboratoriyalarına girişinə icazə verilməsinə dair informasiya yayıblar. Bildirmək istəyirəm ki, Ermənistanda Amerika və ya digər xarici ölkələrin laboratoriyaları yoxdur. Onların hamısı birbaşa olaraq Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərirlər və həmin laboratoriyalarda çalışanlar Ermənistan vətəndaşlarıdır”, – deyə Balayan bəyan edib.

O, həmçinin, adı çəkilən laboratoriyalara rus mütəxəssislərinin buraxıldığını təsdiqləyərək, bunun ikitərəfli əlaqələrin xarakterinə uyğun gəldiyini vurğulayıb.



Lakin xatırladaq ki, sentyabrın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində “Mənim şəxsi göstərişimlə rusiyalı mütəxəssislər həmin (müxbirin vurğuladığı ABŞ laboratoriyaları - red.) laboratoriyalara buraxılıb. Biz əməkdaşlığa hazırıq və artıq rusiyalı mütəxəssislər əmin oldular ki, laboratoriyalarda qorxulu heç bir şey yoxdur. Rus mütəxəssislərin ABŞ laboratoriyalarına girişi ilə bağlı heç vaxt problem olmayıb və nə qədər ki, mən hakimiyyətdəyəm, belə bir problem olmayacaq.
Həmin laboratoriyalar heç bir şəkildə Rusiyaya qarşı istifadə edilə bilməz”, - deyə bildirmişdi.

Aydın olur ki, Ermənistan XİN bugünkü açıqlamasilə nəinki baş nazirin sözlərini təkzib edərək onu yalançı çıxarıb, eyni zamanda ölkədaxili məsələlərlə bağlı hökumətdə fikir ayrılığının mövcudluğunu və Paşinyanın Rusiya ilə münasibətlərdə buraxdığı növbəti səhvi düzəltmək məcburiyyətində qaldığını nümayiş etdirib.



Qeyd edək ki, bundan əvvəl Rusiya XİN keçmiş SSRİ məkanında, xüsusən də Ermənistandakı ABŞ laboratoriyalarının humanitar məqsədlə deyil, Pentaqonun hərbi-bioloji maraqlarına uyğun şəkildə istifadə edildiyini bildirərək Moskvanın narahatlığını ifadə etmişdi. Rusiya prezidenti Vladimir Putin məsələ ilə bağlı bildirib ki, həmin laboratoriyalarda müxtəlif etnosların bioloji materiallarının nə məqsədlə yığıldığını anlamırlar.

Ermənistanda Amerikaya məxsus və Pentaqonun pulları ilə yaradılan laboratoriyalar şəbəkəsi bioloji materialların tədqiqatı ilə məşğul olduğunu bildirir. Lakin Rusiya kəşfiyyatının əlindəki etibarlı məlumatlara görə, Gürcüstan və Ukraynada da “uğurlu” fəaliyyət göstərən bu laboratoriyalar bioloji silah yaradılması üzərində işləyir. Rusiya laboratoriyaların ona qarşı təxribat məsədilə istifadə edilə biləcəyindən narahatdır və rus mütəxəssislərin həmin laboratoriyalara girişinə maneə yaradıldığını bildirmişdi.

Xatırladaq ki, Ermənistanın hazırkı müdafiə naziri, əvvəllər NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyan ölkəsində Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatoru olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   ABŞ  





Xəbər lenti