Paşinyan istintaqa cəlb olunacaq

  26 Sentyabr 2018    Oxunub : 2800
Paşinyan istintaqa cəlb olunacaq
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar açılan cinayət işi çərçivəsində istintaqa cəlb ediləcək.
AzVision.az Erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hüquq və dövlət məsələləri və insan hüquqlarının qorunması üzrə komissiyasının sədri Qevork Kostanyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanda heç kəs gizli və qanunsuz dinləmənin qurbanı olmamalıdır.

Bu mənada, jurnalistlərin “Vanetsyan və Xaçatryanla yanaşı, baş nazir Nikol Paşinyan da aparılan istintaq çərçivəsində İstintaq Komissiyasına çağırılaraq dindiriləcəkmi?” sualına Kostanyan “bəli” cavabını verib.

“Konstitusiya hüququnun təmin edilməsi istiqamətində dövlət aparatımızın və qanunverici bazamızın nə dərəcədə hərtərfəli və kifayət olduğunu anlamaq üçün bunadək aparılan qanunsuz telefon dinləmələri müzakirə olunacaq və adını çəkdiyiniz şəxslər də hansısa mərhələdə istintaq komissiyasına çağırılacaq” – deyə, Kostanyan vurğulayıb.

Xatırladaq ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb, Ermənistanın Xüsusi İstintaq Komitəsi isə istintaq aparır.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   İstintaq