“İran ayətullaları bu qərara yaxşıca gülüblər” - Pompeo

“İran ayətullaları bu qərara yaxşıca gülüblər” - Pompeo
  26 Sentyabr 2018    Oxunub:3485
Vaşinqton ABŞ sanksiyalarından yan keçməklə İranla maliyyə əməliyyatları aparılmasının təmin olunması üçün xüsusi maliyyə mexanizminin yaradılacağı barədə Avropa İttifaqının qəbul etdiyi qərardan dərin təəssüf hissi keçirir.
AzVision.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo bu cür bəyanatla çıxış edib.

“Bu, regional və qlobal sülh və təhlükəsizlik üçün verilmiş ən səmərəsiz qərarlardan biridir. Tehrandakı rejimin gəlirlərini dəstəkləməklə, siz, İranın terrorizmə sponsorluq edən bir nömrəli dövlət statusundakı reytinqini möhkəmləndirirsiniz. Yəqin ki, sizin bu qərarınızdan sonra İranın korrupsioner ayətullaları və İslam İnqilabı Keşikçiləri Korpusu bu səhər yaxşıca gülüblər”, – deyə Pompeo vurğulayıb.

Qeyd edək ki, İranla nüvə sazişinin digər iştirakçıları - Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri ötən gün Nyu-Yorkda görüşərək Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti