Ərdoğan 7 ildən sonra Almaniyada - Kritik səfər başladı

Ərdoğan 7 ildən sonra Almaniyada - Kritik səfər başladı
  27 Sentyabr 2018    Oxunub:4792
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 3 günlük rəsmi səfəri çərçivəsində Almaniya rəhbərliyi ilə danışıqlar aparmaq üçün artıq paytaxt Berlinə gəlib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorka səfərini başa vuran Ərdoğan şəxsi təyyarəsi ilə Berlinə eniş edib.

27-29 sentyabr tarixlərində Berlində səfərdə olacaq Ərdoğan almaniyalı həmkarı Frank-Valter Ştaynmayer və Almaniya kansleri Angela Merkellə görüşəcək. Danışıqlar zamanı iqtisadi, təhlükəsizlik, müdafiə, mədəniyyət və sosial sahələrdə ikitərəfli münasibətlər, həmçinin, Almaniyada yaşayan türk cəmiyyətinin üzləşdiyi problemlər müzakirə olunacaq.

Beynəlxalq gündəmlə bağlı müzakirələrdə isə ilk növbədə Suriyadakı vəziyyət, terrorizm və qanunsuz miqrasiya ilə mübarizə və Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələr prioritet olacaq.

Qeyd edək ki, bu, son 7 il ərzində Türkiyə prezidentinin Almaniyaya ilk rəsmi səfəridir. Ərdoğanın Almaniyada bir sıra ictimai birliklərin nümayəndələri və nüfuzlu türk-alman şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyi, həmçinin, Kölndəki məscidin açılışında iştirak edəcəyi gözlənilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Türkiyə  





Xəbər lenti