Vacib tarazlıq xətti: Putinin səfəri əslində nəyi göstərdi – TƏHLİL

Vacib tarazlıq xətti: Putinin səfəri əslində nəyi göstərdi – TƏHLİL
  28 Sentyabr 2018    Oxunub:23086
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin gündəminin son dərəcə geniş olduğunu açıq şəkildə göstərirdi. Belə ki, Sentyabr ərzində Azərbaycan və Rusiya prezidentlərinin artıq ikinci dəfə görüşməsinə baxmayaraq, müzakirə ediləsi xeyli vacib məsələlər vardı.
Hərçənd, ayın əvvəlində cənab İlham Əliyevin Soçiyə səfəri də xeyli rəngarəng və əhatəli keçmiş, ciddi məqamlara toxunulmuş, münasibətlərin gələcək inkişafını müəyyənləşdirən 16 sənəd imzalanmışdı. Bu, onu göstərir ki, iki qonşu ölkənin əlaqələrində yeni bir yaxınlaşma, daha da istiləşmə mərhələsi başlamaqdadır. Və bu mərhələ bir çox sferaları əhatə edəcək.

Dövlət başçılarının qatıldıqları IX Azərbaycan-Rusiya Regionlararası Forumu həm də iştirakçıların çoxluğu ilə yadda qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, min nəfərlik böyük zalda bircə dənə də olsun, boş yer yox idi. Bu qələbəlik onu göstərirdi ki, artıq iki dövlətin münasibətləri təkcə mərkəzləşmiş qaydada yox, həm də regionlar səviyyəsində inkişaf edir. Hazırda Rusiyanın 20-yə yaxın federasiya subyektinin Azərbaycanla razılaşmaları və birbaşa əlaqələri var. Ümumilikdə isə şimal qonşumuzun təxminən 70 regionu Azərbaycanın bölgələri ilə sıx işləyir.

Dövlətlərarası münasibətlərin dinamikasında da maraqlı bir məqam nəzərə çarpır. Bu, bütün strateji sahələrdə incə balansın gözlənilməsidir. Məsələn, bir qayda olaraq, Azərbaycanın əsas energetika layihələrinin Qərbə yönəldiyi, Qərbin enerji təhlükəsizliyində ciddi rol oynadığı hesab edilir. Amma əslində bu sahədə Rusiya ilə çox möhkəm əlaqələr mövcuddur. Bunu İlham Əliyev açıq şəkildə göstərdi:

- Biz, mənim Rusiya Federasiyasına rəsmi səfərim çərçivəsində “Rossneft” ilə SOCAR şirkətləri arasında əməkdaşlıq barədə mühüm sənəd - müqavilə imzaladıq,- deyə dövlət başçısı bildirdi.- Eləcə də, 20 ildən artıqdır ki, Azərbaycanda “LUKoil” şirkəti uğurla işləyir, bizim üçün mühüm investordur. Elektroenergetika sahəsində bizim enerji sistemləri paralel rejimdə işləyir. Biz, mənim sentyabr səfərim çərçivəsində yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə etdik.

Digər strateji sahə olan qlobal nəqliyyat layihələrində də Azərbaycan və Rusiya öz maraqlarını çox incə şəkildə tarazlaşdırırlar. Məsələn, iki ölkənin birlikdə gerçəkləşdirdiyi “Şimal-Cənub” dəhlizində bu il yük daşınmaları 100 dəfədən çox artıb. Və bu, cənab İlham Əliyevin dediyi kimi, hələ yalnız başlanğıcdır. Yaxın gələcəkdə həmin dəhliz Avrasiyanın ən mühüm nəqliyyat xəttlərindən biri olacaq.

Yəni reallıq əslində budur ki, Azərbaycan hətta ilk baxışdan sırf Qərbə yönəlmiş kimi görünən, Rusiyanın taktikasına alternativ təsir bağışlayan layihələrdə belə, şimal qonşumuzun maraqlarınızı incə bir ustalıqla nəzərə almağı bacarır. Elə Putin də bunu vurğuladı:

- Biz həmişə maraqlar balansı axtarırıq və onu tapırıq. Azərbaycan Prezidentinin indicə haqqında dediyi bu yaxınlardakı Soçi danışıqlarının gedişində, sözsüz ki, bizim dövlətlərarası əlaqələrimizin gələcək quruculuğu üçün əlavə normativ baza yaradan bir sıra sənədlər, razılaşmalar imzaladıq. Qeyd edim ki, indi Azərbaycan bazarında artıq Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir. Birbaşa Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard yarım dollardan çox təşkil edir.

Bu gün Azərbaycanla Rusiya təkcə qlobal layihələrdə bir-birinin maraqlarını tarazlaşdırmırlar. Eyni həssas yanaşma bütün sahələrdə nəzərə çarpır. Məsələn, ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı təxminən 12 faiz artıb. Bu, yarım milyard dollarlıq ümumi həcm deməkdir. Gələn ilə nəzərdə tutulan Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılması nəticəsində rəqəm daha da böyüyəcək. Azərbaycan Rusiyanın VneşTorqBankının ən iri xarci səhmdarıdır, digər rus bankı “Qazprom” isə ölkəmizin 400 milyon dollardan artıq dəyəri olan iri sənaye layihəsini maliyyələşdirib. Yəni hətta burada da bir tarazlıq var.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanla Rusiyanın arasında siyasətdə də, iqtisadiyyatda da qarşılıqlı balans eyni həssaslıqla gözlənilir. Ölkəmizin Şimal siyasəti sabit və tarazlıdır, heç bir kəskin dönüşlər olmur. Vacib nüans odur ki, hazırda Güney Qafqazda Rusiya ilə bu cür ölçülü-biçili siyasət yürüdən yeganə dövlət Azərbaycandır. Bu isə deməkdir ki, yaxın gələcəkdə Güney Qafqazda Rusiyanın əsas və ən etibarlı tərəfdaşı məhz Azərbaycan olacaq. Təbii ki, bu tərəfdaşlıqdan da bütün başqa sahələrdəki kimi, ikitərəfli fayda gözləməyə dəyər.

Tariyel Həsənov
AzVision.az üçün


Teqlər: Putin   İlhamƏliyev   Rusiya  





Xəbər lenti