Koreyalar arasındakı minalar təmizlənir

Koreyalar arasındakı minalar təmizlənir
  01 Oktyabr 2018    Oxunub:2849
Şimali və Cənubi Koreyanın hərbi dairələri bu gündən etibarən hər iki dövləti ayıran və qərbdən şərqə doğru təmas xətti boyunca 4 kilometr enliyindəki demilitarizasiya zonasının minalardan təmizlənməsinə başlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi 1950-53-cü illərin Koreya müharibəsində həlak olanların qalıqlarının axtarışı üçün Seulla Pxenyan arasında əldə olunan razılaşma çərçivəsində həyata keçirilir. Nazirlikdən onu da bildiriblər ki, Koreyalararası demilitarizasiya zonasında 10 minlərlə mina mövcuddur.

Minadan təmizlənmə üzrə əməliyyatların ilk mərhələsi Phanmuncom sərhəd məntəqəsindəki birgə nəzarət zonasının 20 gün ərzində minalardan təmizlənməsini nəzərdə tutur. İkinci mərhələdə isə Kanvondo əyalətinin Çhorvon rayonu minalardan təmizlənərək həmin ərazilərdə müharibə qurbanlarının qalıqlarının axtarışına start veriləcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   Phanmuncom  





Xəbər lenti