İrandan Suriyaya veriləcək “S-300”lərə reaksiya

İrandan Suriyaya veriləcək “S-300”lərə reaksiya
  01 Oktyabr 2018    Oxunub:2236
Rusiyanın Dəməşqə “S-300” raketdən müdafiə sistemlərini verməsi Suriyada sabitlik və təhlükəsizliyin yüksəldilməsinə imkan verəcək.
AzVision.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Arakçi “RİA Novosti”yə müsahibəsində bildirib.

“Əgər Suriya hakimiyyəti bu sistemləri almaq və Rusiya hakimiyyəti də satmaq qərarına gələrlərsə, onda əminəm ki, bu, Suriyanın təhlükəsizliyi və sabitliyi üçün faydalı olacaq” – iranlı diplomat vurğulayıb,

Qeyd edək ki, 24 sentyabrda Rusiya prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd arasındakı telefon söhbətində Moskvanın Dəməşqə ““S-300” raketdən müdafiə sistemlərini satmaq planı müzakirə olunub. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə 2 həftə ərzində Suriyaya “S-300”lərin veriləcəyini bəyan edib. O, Moskvanın bu addımını Suriyadakı rus hərbçilərin təhlükəsizliyinin təmini ilə əlaqələndirərək, İsrail Hərbi Hava Qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində Suriyada Rusiyaya məxsus “İl-20” təyyarəsinin vurulmasilə 15 rus hərbi qulluqçusunun ölümündən sonra İsrailə cavab kimi qiymətləndirib.

Xatırladaq ki, Rusiya 2013-cü ildə məhz İsrailin xahişi ilə Dəməşqə “S-300”lərin verilməsindən vaz keçmişdi. Son olaraq Suriyaya “S-300”lərin verilməsi məsələsi 2018-ci ilin aprelində ABŞ, Fransa və İngiltərənin Bəşər Əsədin guya kimyəvi silah tətbiq etdiyi iddiası ilə Suriyaya raket zərbələri endirmələrindən sonra yenidən gündəmə gəlmişdi.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: İran   Suriya   Rusiya   İsrail   S-300  





Xəbər lenti