Almaniyada terrora hazırlaşan dəstə tutuldu

Almaniyada terrora hazırlaşan dəstə tutuldu
  01 Oktyabr 2018    Oxunub:2785
Almaniya polisi ölkənin şərqində yerləşən Xemnitz şəhərində ultra-sağçı radikal terror təşkilatı yaratmağa cəhddə şübhəli bilinən 7 nəfəri həbs edib.
AzVision.az “Washington Post”a istinadən xəbər verir ki, saxlanılan şəxslər Almaniyadakı əcnəbilərə və ultra-sağçıların siyasi rəqiblərinə qarşı silahlı hücumlar planlaşdırıblar.

Almaniyanın federal prokurorlarının məlumatına əsasən, tutulanlardan 6-sı 20-30 yaş arasındadır. Onlar Saksoniyanın taktiki polis bölmələri tərəfindən bu gün ələ keçiriliblər. 31 yaşlı yeddinci şübhəli isə ötən ay saxlanılan Kristian adlı şəxsdir və qrupun lideridir. Onların hamısı Almaniya vətəndaşlarıdır və “Xemnitz inqilabı” adlanan qrup formalaşdırıblar.

Prokurorlarının sözlərinə görə, saxlanılan şübhəlilər Almaniyanın demokratik nizamını devirməyə cəhd ediblər. Radikallar hətta 3 oktyabr Almaniyanın milli birlik günündə hücuma hazırlaşıblar.

Qeyd edək ki, 26 avqustda Almaniyanın Saksoniya federal torpağındakı Xemnitz şəhərində alman vətəndaşının İraq və suriyalı miqrantlar tərəfindən bıçaqlanaraq öldürülməsindən sonra ultra-sağçılar şəhərdə kütləvi etiraz mitinqlərinə başlayıb. Etirazlarla yanaşı, şəhərdə ultra-sağçı alman millətçilərinin “miqrant ovuna” çıxması və onları təqib edərək şiddət tətbiq etdiyinə dair internetdə videolar yayımlanmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Miqrant   Terror  





Xəbər lenti