Bakıda Qara Qarayevin ev muzeyi açılıb - FOTO
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ölkəmizdə musiqi və incəsənət xadimlərinin ev-muzeylərinin yaradılması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: “Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkandır. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Onun tələbələri belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara müəllim çox təvazökar ziyalı insan idi. Onun sözləri ilə əməlləri həmişə üst-üstə düşürdü. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayır”.
Qara Qarayevin yaradıcılıq yolundan danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırdı: “Qara Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə qələmə aldığı “Yeddi gözəl” baleti və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyulurdu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub”.
Çıxışlardan sonra ev-muzeyinin açılışı oldu. Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva qonaqları mədəniyyət ocağı ilə tanış etdi.
Tədbir iştirakçılarına Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və disk təqdim olundu. Kitabın elmi redaktoru professor Kərim Tahirov nəşr haqqında məlumat verdi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin yüksək sənətkarlıq məziyyətlərindən, Azərbaycan musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışdılar.
Mərasimdə həmçinin Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə dahi bəstəkarın “Xalq artisti” fəxri adına layiq görülmüş oğlu, professor Fərəc Qarayevə yüksək fəxri adın vəsiqə və nişanını təqdim etdi.
Tədbir bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri ilə yekunlaşdı.
AzVision.az
Teqlər: Qara-Qarayev Muzey